
Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılmış Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.
Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər.