Dilmanc layihəsi Tibo-2013 sərgisində bir çox yeniliklər təqdim etmişdir

Dilmanc layihəsi aprelin 23-26-da Minskdə (Belarus) keçirilən TİBO-2013 telekommunikasiya və informasiya sərgi-konqresində iştirak edir. Dilmanc layihəsi Tibo 2013 sərgisində də bir çox yenilikləri təqdim edir. Sərgidə 15 dünya ölkəsinin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur. İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edirlər. Sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir. Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin isini asanlaşdırır. Hal-hazırda sistem 1 milyona yaxın söz-forma tanıya bilir və tanıma keyfiyyəti 92%-dən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

Layihənin sərgidə təqdim etdiyi daha bir yenilik - daxil edilmiş mətni insan səsi ilə oxuyan mətnin səsləndirilməsi sistemidir. Bu proqram vasitəsilə istifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilərlər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və gözləri yormadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkündür. Sistem hal-hazırda http://tts.dilmanc.az saytında istifadəyə verilmişdir və istifadəçilər arasında çox populyardır.

Dilmanc layihəsi çərçivəsində həmçinin Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə onlayn lüğət istifadəyə verilmişdir. Adi lüğətlərdən fərqli olaraq, bu lüğətə sözün ixtiyari formasını daxil etmək mümkündür, bu zaman sözün kökü avtomatik tapılır. Bu imkan xüsusilə xarici dili bilməyən və sözün kökünü tapmaqda çətinlik çəkən istifadəçilər üçün əhəmiyyətlidir. Bundan başqa, lüğətdə sözün işləndiyi nümunə cümlələr və onların tərcümələrinə də baxmaq mümkündür. Lüğəti http://dict.dilmanc.az ünvanında istifadə etmək mümkündür.




© dilmanc.az