Mətnin səsləndirilməsi sistemi haqqında


Mətnin səsləndirilməsi və ya nitqin sintezi sistemi kompüterə daxil edilmiş mətni şifahi insan nitqinə çevirən proqram təminatıdır. Mətnin səsləndirilməsi sistemi istifadəçilərin kompüterlə və digər sistemlərlə daha təbii yolla ünsiyyət qurmasını təmin edən vasitələrdən biridir.

Mətnin səsləndirilməsi sisteminin tətbiq edilməsi bir çox yeni imkanlar yaradır:

1. Məlumat-sorğu sistemlərində insan operatorların əvəzinə mətnin səsləndirilməsi sistemi lazımi məlumatı istifadəçiyə şifahi oxuya bilər. Bununla həm xərclərin azaldılması, həm də sistemin 24 saat ərzində fasiləsiz işləməsi təmin olunur.

2. Avtomatlaşdırılmış məlumat sistemlərində isə bütün mümkün cavablar əvvəlcədən studiyada diktorun səsi ilə yazılır. Məlumatlar dəyişdirildikdə və ya yeni cavablar əlavə olunduqda hər dəfə diktorun səsinin yazılmasına ehtiyac duyulur. Mümkün cavablar çox olduqda isə, hər bir variant üçün diktorun səsinin yazılması praktik olaraq mümkün olmur. Mətnin səsləndirilməsi sistemi hər iki problemi effektiv həll edir.

3. İstifadəçinin diqqətinin yayınmamasının kritik olduğu hallarda mətnləri oxumaq əvəzində oxunuşuna qulaq asmaq imkanı yaradır. Misal üçün, avtomobili idarə edən zaman, telefona gələn mesajlar mətnin səsləndirilməsi zamanı səslə oxunur. Bu sistem xarici dillər üçün bəzi yeni avtomobillərdə artıq tətbiq edilmişdir.

4. Görmə qüsuru olan insanlar mətnin səsləndirilməsi sisteminin inteqrasiya olunduğu xüsusi proqram təminatı vasitəsilə kompüterdən istifadə edir, kitabları oxuyur, internetdə işləyirlər.

Xarici dillərin əksəriyyəti üçün mətnin səsləndirilməsi sistemləri mobil telefonlarda, kompüterlərdə, avtomobillərdə, naviqasiya sistemlərində, məlumat-sorğu sistemlərində, hərbi sənayedə, robot texnikasında və digər sahələrdə geniş istifadə olunmaqdadır. Azərbaycanda mətnin səsləndirilməsi sistemi ilk dəfə Dilmanc layihəsi çərçivəsində hazırlanmış və ilk versiyası 2012-ci ildə
http://dilmanc.az/tts
ünvanında istifadəyə verilmişdir.

Mətnin səsləndirilməsi sisteminin yeni versiyası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə yerinə yetirilmişdir - Qrant № EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-29/13/1


© dilmanc.az