Azərbaycanda maşın tərcüməsinin tarixi
Azərbaycanda maşın tərcüməsi sistemlərinin yaradılması istiqamətində aparılan tədqiqatları iki hissəyə bölmək olar: 2003-cü ilə qədər aparılmış elmi tədqiqat işləri və 2003-cü ildən başlayaraq aparılmaqda olan tədqiqat işləri.
2003-cü ilə qədər Azərbaycanda maşın tərcüməsi sahəsində çox az tədqiqat işlərinə rast gəlmək mümkündür və bu tədqiqat işləri əsasən nəzəri xarakterli olmuşdur. Bu tədqiqatların yekunu kimi M.Mahmudovun “Mətnnin formal təhlili sistemi” adlı monoqrafiyası xüsusilə diqqətəlayiqdir. Bu monoqrafiya, ümumiyyətlə desək, MT sistemlərinə həsr olunmasa da, burada maşın tərcüməsi sistemlərini yaradılmasına aid xeyli sayda fikirlərə və maşın tərcüməsi yaradılması zamanı istifadə edilə biləcək hazır alqoritmlərə rast gəlmək olar. Məsələn: formal morfoloji təhlil alqoritmi, xəbərin və mübtədanın bəzi formal əlamətləri, çoxmənalılığın və polisemiyanın aradan qaldırılmasının bəzi formal üsulları və s. buna misal ola bilər. Bundan başqa, K.Vəliyevanın, M.Məmmədovanın, S.Səfərovun, Z.Əmirovun maşın tərcüməsi probleminin müxtəlif aspektlərinə (formal sintaktik təhlil, formal morfoloji təhlil və s.) həsr olunmuş tədqiqatlarını göstərmək olar. Lakin aparılmış bütün bu tədqiqatlara baxmayaraq, Azərbaycan dilindən digər dillərə və əksinə maşın tərcüməsi sistemləri yaradılması son vaxtlara qədər mümkün olmamışdı. Maşın tərcüməsi sisteminin yaradılması daha dərin və çoxtərəfli tədqiqatlar aparılmasını tələb edir və təkcə adları çəkilən tədqiqatlar əsasında bu işin yerinə yetirilməsi mümkün deyildir. Ona görə ki, bu tədqiqatlarda tərcümə prosesini avtomatlaşdırmağa imkan verən hər hansı bir model təklif olunmamışdır. MT sisteminin yaradılması zamanı əsas problem isə məhz tərcümə prosesinin modelinin qurulmasıdır. MT sisteminin digər hər hansı hətta ən əhəmiyyətli bir elementi (məsələn: avtomatik lüğətlər, qrammatik təhlil alqoritmləri, transfer alqoritmləri və s.) belə tərcümə prosesinin avtomatlaşdırılması baxımından ikincidərəcəli xarakter daşıyır.
2003-cü ildən başlayaraq akademik Ə.Abbasovun başçılığı ilə Azərbaycan dilindən digər dillərə və əksinə MT sistemlərinin yaradılması istiqamətində işlərə başlanılmışdır və bu istiqamətdə işlər indi də davam etdirilməkdədir. Azərbaycan dilindən digər dillərə MT sistemi yaratmağa imkan verən model yaradılmış (Ə.Abbasov, Ə.Fətullayev) və bu model əsasında Dilmanc MT sisteminin ilk versiyası yaradılmışdır. Bu model əsasında Azərbaycan dilinin formal qrammatikası (Ə.Fətullayev), MT sisteminin leksik blokunu təşkil edən avtomatik lüğətlərin ilkin versiyası (Ə.Fətullayev, A.Mehdiləyev, F.Əhmədov, R.Fətullayev) yaradılmışdır. 2005-2006-cı illər ərzində tədqiqat işləri Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində davam etdirilmişdir (Layihənin elmi məsləhətçisi akademik Ə.Abbasov, direktoru t.e.n Ə.Fətullayevdir).
Hal-hazırda bu işlər Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin layihəsi çərçivəsində davam etdirilir. Artıq İngilis-Azərbaycan, Azərbaycan-İngilis və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə edən Dilmanc MT sistemi Azərbaycanda istifadəçilər arasında çox populyardır. Digər dillərin əlavə edilməsi və mövcud istiqamətlər üzrə keyfiyyətin artırılması üzərində işlər davam etdirilir.