Layihə haqqında

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır:

  • Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması
  • Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması
  • Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması
  • Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması
  • Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması

Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır.

Layihənin tarixi

Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılması məsələsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə.M.Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır.

İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-ci ilin aprel ayından Dilmanc layihəsinin həyata keçirilməsinə başlamışdır.

Layihənin nailiyyətləri

Hal-hazırda layhədə nəzərdə tutulmuş elmi tədqiqat istiqamətlərinin hər biri üzrə praktik nəticələr əldə olunmuş və onların keyfiyyətinin artırılması üzərində işlər gedir. Layihə çərçivəsində Azərbaycan dili üçün aşağıdakı texnologiyalar yaradılmış və ödənişsiz olaraq kütləvi istifadəyə verilmişdir:

Avtomatik tərcümə və lüğət sistemləri

İngilis, Rus və Azərbaycan dilləri arasında tərcümə və lüğət sistemləri yaradılaraq onlayn servis kimi istifadəyə verilmişdir. Bu sistemlər həm dilmanc.az saytındakı tərcümə portalında, həmçinin mobil telefonlara yüklənərək istifadə edilə bilər.

Nitqin tanınması sistemi

Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən Dilmanc İmla sistemi yaradılmış, Windows və Android əməliyyat sistemləri üçün proqram şəklində istifadəyə verilmişdir.

Mətnin səsləndirilməsi sistemi

Azərbaycan dili üçün kompüterə daxil edilmiş mətni insan səsi ilə oxuya bilən sistem yaradılaraq dilmanc.az saytında və mobil telefonlarda istifadəyə verilmişdir.

Mobil tərcüməçi

Yuxarıdakı sistemlərin birləşməsi olaraq, mobil telefonlarda şifahi nitqi Azərbaycan, İngilis və Rus dilləri arasında avtomatik tərcümə edən proqram hazırlanaraq pulsuz istifadəyə verilmişdir.

Səslə idarə olunan kompüter

Gözdən əlillər üçün səslə idarə olunan və istifadəçiyə səsli cavab verən mobil kompüter hazırlanmış və istifadəçilərə paylanmışdır (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev fondunun birgə layihəsi)

» Məhsullar səhifəsi

Yuxarıdakı texnologiyaların yaradılması sahəsində aparılmış tədqiqatların nəticəsində layihə qrupu bir çox elmi nailiyyətlərə imza atmış, bu nailiyyətlər bir çox beynəlxalq elmi konfranslarda təqdim edilmiş və nüfuzlu elmi jurnallarda çap edilmişdir.
Avropa Maşın Tərcüməsi Assosasiyası da Dilmanc layihəsini Avropa tədqiqat qrupları siyahısına daxil etmişdir. keçid
Layihə qrupu üzvlərinin elmi məqalələri nüfuzlu IEEE təşkilatının elektron kitabxanasına, mt-archive.info saytına və digər kitabxanalara daxil edilmişdir.

Layihənin rəhbəri Ə.Fətullayev 2011-ci ildə Azərbaycan respublikası prezidenti tərəfindən əməkdar mühəndis fəxri adı ilə təltif olunmuşdur. keçid
Layihə qrupunun üzvü R.Fətullayevin bioqrafiyası 2010-cu ildə ABŞ-ın nüfuzlu "Marquis Who's Who in Science and Engineering" nəşrinə daxil edilmişdir. keçid

Layihə çərçivəsində yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə uğurla təqdim olunmuşdur. İsveçrədə keçirilən ITU Telecom World, Almaniyada keçirilən CeBIT, Türkiyədə CeBIT Bilişim, Rusiyada keçirilən Svyaz Ekspokomm, Bakıdakı Bakutel və digər sərgilərdə bir çox nüfuzlu dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri və digər qonaqlar bu texnologiyalarla tanış olmuşlar. Bu şəxslər arasında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, BMT baş katibi Pan Gi-Mun, Beynəlxalq Telekommunikasiya İttifaqının sədri Həmədun Ture və digər şəxslər olmuşdur.

Layihənin digər mühüm nailiyyəti də linqvistik texnologiyaların yaradılması sahəsində gənc milli kadrların hazırlanmasıdır. Layihə qrupu üzvlərinin bəziləri bu sahədə elmi tədqiqatlarının nəticələrini elmi jurnallarda çap etdirmiş və hal-hazırda bu sahədə dissertasiya müdafiə etməyə hazırlaşırlar.

Sponsor

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

» www.mincom.gov.az

Layihə qrupu

» Səhifəyə keçid
» Layihə qrupunun elmi işləri


© dilmanc.az