Dilmancın “Azərbaycan dilinin orfoqrafiya lüğətinin”nin tərtibi ilə bağlı təklifi

       Mətbuatda, elektron məkanda, sosial şəbəkələrdə Azərbaycan dilinin 2013-cü ildə çapdan çıxmış orfoqrafiya lüğəti1 haqqında mübahisələr səngimək bilmir. Bu lüğət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il sərəncamına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”na uyğun olaraq tərtib olunmuşdur. Məlum olduğu kimi, əgər 2004-cü ildə nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə yaxın söz var idisə, genişləndirilmiş və yenidən işlənmiş bu nəşrdə onların sayı 110 mini keçmişdir (110563 söz). Tərtibçilər belə hesab edirlər ki, əlavə edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlərdir.
       Yeni çapdan çıxmış orfoqrafiya lüğəti ilə bağlı iradları aşağıdakı kimi qruplaşdırmaq olar (nümunələr sosial şəbəkələrdən götürülmüşdür):
       1. Yeni söz kimi daxil edilmiş “əcaib” sözlər: cordanabənzər, ağzıheyvərə, adheziya, badgir, badış, baygu, cacıq, gəllahi, gəbr, gəncəfa, giran, giriban, qoduş və s.
       2. Daxil edilməsi unudulmuş sözlər: anışdırmaq, islamçı,bəsitsüjetli, bulyon, töycüyığan, çəkələk, görüntü, qabarma-çəkilmə, şirinsulu, dupduru, əvəzgün və s.
       3. Süni yaradılmış sözlər: doqqazçı, qarçı, palçıqçı, tikançı, ağırlıqçı, meteoritçi, gijovçu, daşınıqçı, daşıqçı, iclasçı, koridorçu və s.
       4. Süni sözdüzəltmə üsulu hesabına sözlərin sayının çoxaldılması: abad, abadan, abadanlanma, abadanlanmaq, abadanlaşdırılma, abadanlaşdırılmaq, abadanlaşdırma, abadanlaşdır­maq, abadanlaşma, abadanlıq, abadca, abadedən, abadetmə, abadıstan, abadlanma, abadlanmaq, abadlaşdırılma, abadlaşdırılmaq, abadlaşdırma, abadlaşmaq, abadlıq və s.
       Azərbaycan dilinin aqlütinativ dil olduğunu nəzərə alsaq, bu yolla lüğətə minlərlə söz əlavə etmək olardı.
       5. Bu üsul başqa dillərdən alınma terminlərə də şamil edilir: absorbent, absorber, absorbsiometr, absorbsiometriya, absorbsiya, absorbsiyaedən, absorbsiyaedici, absorbsiyaetmə, absorbsiyaolunma və s.
       Bu iradların siyahısını bir qədər də genişləndirmək olardı.
       Orfoqrafiya lüğətinin tərtibində prinsipsizlik və ya dəqiq prinsiplərin olmaması bu dolaşıqlıqların yaranmasına səbəb olmuşdur. Məhz bu səbəbdən Nazirlər Kabineti (NK) yanında Tərcümə Mərkəzində Azərbaycan dilinin işlək orfoqrafiya lüğətinin tərtibi ilə bağlı işçi qrup toplanmış və müzakirələrə başlanılmışdır. Bu barədə Tərcümə Mərkəzinin direktoru A. Məsudun fikirləri maraq doğurur:
       “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabının 6-cı nəşri ilə əlaqədar Dilçilik İnstitutuyla rəylərimiz üst-üstə düşür. Bəli, bu lüğət lazımsız, dilimizdə işlənməyən, qəliz ərəb, fars, ara sözləri, dialektlər və şivələrlə, yazılışı təhrif olunmuş ifadələr və sahələr üzrə terminlərlə doludur. Bu o deməkdir ki, kitabın akademik formatı bəlli deyil. Dediyim kimi, Mərkəzdə artıq yeni “İşlək orfoqrafiya lüğəti”nin hazırlanması prosesinə başlanılıb. İlkin mərhələdə qarşıda duran vəzifə kitabın artıq söz yükündən təmizlənməsidir. Luğəti yeni, işlək sözlərlə zənginləşdirmək məqsədi ilə paralel olaraq, ayrı-ayrı yazıçıların əsərləri üzərində də işə başlanılıb. İşlədilmədiyi səbəbindən unudulmuş yüzlərlə Azərbaycan sözü var ki, bu lüğətdə yer almalıdır”.
       Əksinə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov "Report"a müsahibəsində deyib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin 6-cı nəşri kifayət qədər zəngindir: "Nəşrdə 110 mindən artıq söz var. Lüğətdə etiraz doğuran məsələlər də var... Tarixən dilimizdə mövcud olan və klassik ədəbiyyatımızda işlənən sözlər, folklorumuzda işlənən sözlər, hətta azərbaycanlının ömründə bir dəfə işlətdiyi söz də lüğətə düşməlidir... ".
       Göründüyü kimi bir tərəf lüğətin ixtisar olunmasının zəruriliyini qeyd etdiyi halda, o biri tərəf , əksinə, lüğətin daha da genişləndirilməsinin tərəfdarıdır. Prof. N.Cəfərovun lüğətdə “prinsipin pozulması”, sözlüyün kor-təbii, heç bir əsas olmadan tərtibinin düzgün olmaması fikri ilə tam razıyıq. Əslində lüğətin mükəmməl, əsaslandırılmış tərtibi prinsipləri olmadan onun tərtibinə başlamaq məsuliyyətsizlik, naşılıq əlamətidir. Lüğətə daxil edilmiş hər bir söz əsaslandırılmalıdır. Tərtibçi istənilən sözün lüğətə niyə daxil edildiyini və ya daxil edilmədiyini əsaslandıra, izah edə bilməlidir. Əks təqdirdə, orfoqrafiya lüğəti yenə qüsurlardan xilas ola bilməyəcək.
       İstər Tərcümə mərkəzinin təklif etdiyi işlək orfoqrafiya lüğəti olsun, istərsə də akademik, əhatəli orfoqrafiya lüğəti – bunların hər biri üçün sözlüyün hansı prinsiplərlə seçilməsi və tərtibi ən vacib məsələdir. Hansı sözlər orfoqrafiya lüğətinə daxil edilməlidir? İşlək sözlər hansı prinsiplər və meyarlarla müəyyənləşdirilməlidir?
       Orfoqrafiya lüğətinin tərtib edilməsində həlledici amil ayrı-ayrı qurumların (məsələn, AMEA-nın Dilçilik İnstitutu, NK-nın Tərcümə Mərkəzi və s.), bu qurumların rəhbərlərinin və digər nüfuzlu şəxslərin mövqeyi deyil, elmi cəhətdən ciddi əsaslandırılmış faktlar olmalıdır. Fikrimizcə, ən işlək sözlərin müəyyənləşdirilməsi və optimal sözlüyün tərtibi və eləcə də böyük akademik orfoqrafiya lüğətinin tərtibi prosesində bütün elmi faktlar statistik araşdırmaların aparılması ilə əsaslandırıla bilər. Bütün digər yanaşmalarda subyektiv amil ön plana keçəcək və lüğət yenə lüzumsuz, heç kəsi qane etməyən söz yığınına çevriləcək.
       Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilinin bütün üslublarını əks etdirən yüz milyonlarla sözü əhatə edən irihəcmli korpuslar hazırlanmışdır ki, bu korpuslardan istifadə etməklə dilimizin inkişaf tendensiyasını və dildə gedən söz yaradıcılığı prosesini elmi əsaslarla öyrənib müəyyən etmək mümkündür.
       Dilmancla əməkdaşlıq ediləcəyi təqdirdə orfoqrafiya lüğətinin yaradılması istiqamətində qarşıya çıxan əksər problemləri həll etmək və lüğətə daxil ediləcək və ya edilməyəcək sözlər haqqında elmi əsaslandırılmış fikir söyləmək mümkün olacaqdır.
       Fikrimizcə, Azərbaycan dilinin yeni tərtib olunacaq orfoqrafiya lüğətlərində bu korpuslar əsas və etibarlı mənbə rolunu oynamalıdır. Belə olduqda, orfoqrafiya lüğəti ilə bağlı bütün mübahisələrə son qoyulmuş olardı.
       Eyni fikirləri müxtəlif çeşidli istənilən həcmli ikidilli və çoxdilli lüğətlərin tərtibi işlərinə də şamil etmək olar.

       Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsi




© dilmanc.az