Dilmanc mobil tərcüməçi Azərbaycanda ən populyar milli proqram təminatıdır



Mobil qurğular üçün Dilmanc Translator proqramı istifadəçilər arasında geniş populyarlıq qazanmış milli proqram məhsullarından biridir. Android və iOS əməliyyat sistemlərində işləyən bu proqram istifadəçiyə Azərbaycan, ingilis, türk və rus dilləri arasında tərcümə aparmağa imkan verir. Proqram həm şifahi danışığı, həm də mətni tərcümə etməyə və nəticəni səsləndirməyə imkan verir. Tək söz daxil ediləndə həmin sözün lüğətdə mənaları, nitq hissəsi, sinonimləri və s. informasiya göstərilir. Proqramın digər maraqlı imkanı isə əcnəbi ilə söhbət rejimidir. Bu rejimdə uyğun düymələr basılmaqla xarici dildə danışıq Azərbaycan dilinə, Azərbaycan dilində danışıq isə xarici dilə avtomatik tərcümə olunaraq səsləndirilir.

Tamamilə pulsuz yayılan Dilmanc Translator proqramı Google Play Store və Apple App Store-dan birlikdə 300 min dəfəyə yaxın köçürülmüşdür.
2015-ci il ərzində (1 yanvar-18 noyabr) mobil qurğular üçün Dilmanc Tərcüməçi proqramı dünyanın 129 ölkəsində 260 minə yaxın istifadəçi tərəfindən istifadə edilmişdir.

Proqramın geniş istifadə edildiyi ilk 10 ölkə sırasına Azərbaycan, Rusiya və s. keçmiş SSRİ ölkələrilə yanaşı Türkiyə, Almaniya, ABŞ, İran və digər ölkələr də daxildir.

Qeyd edək ki, bu proqramı siz Google Play və App Store-dan öz mobil qurğunuza tamamilə pulsuz yükləyərək istifadə edə bilərsiniz.




© dilmanc.az