Dilmanc artıq türk dilinə də tərcümə edir

Rabitə və yüksək texnologiyalar nazirliyinin dəstəklədiyi Dilmanc tərcümə sisteminə türk dili dəstəyi əlavə olundu. Artıq http://dilmanc.az saytında Azərbaycan, İngilis və Rus dillərindən Türk dilinə və əksinə tərcümə etmək mümkündür.
Dilmanc layihəsindən verilən məlumata görə, Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan və inkişaf etdirilən Dilmanc tərcümə saytı və mobil qurğular üçün şifahi danışığı tərcümə edən Dilmanc mobil tərcüməçi türkiyəli istifadəçilər arasında da populyarlıq qazanmışdı. Bunu nəzərə alaraq Türk dilinin də sistemə əlavə olunması qərara alındı. Layihə çərçivəsində yaradılmış dil texnologiyaları digər türk dillərinə tətbiq oluna bilməklə yanaşı, türk dilləri arasında da yüksək keyfiyyətli tərcümə sistemləri yaradılmasına imkan verir. Buna nümunə olaraq Türk və Azərbaycan dilləri arasında tərcümə imkanı sistemə əlavə edilmişdir.
Eyni zamanda mobil telefonlarda şifahi nitqi tərcümə edən Dilmanc Translator proqramı da yenilənmişdir. Bu proqramı pulsuz olaraq Google Play Store-dan yükləyib işlətmək mümkündür. Proqramın iOS platforması üçün versiyasının yaradılması üzərində işlər gedir.




© dilmanc.az