Dilmancın mobil versiyası təkmilləşdirilib

Hazırda sözügedən layihənin əməkdaşları milli sistemin yaradılması istiqamətində iş aparırlar

Azərbaycanda İKT-nin sürətlə inkişaf etməsi yeni texnologiyalar üzərində milli sistemin formalaşdırılması məsələsini zəruri edib. Hazırda bununla bağlı həyata keçirilən ən əhəmiyyətli layihələrdən biri «Dilmanc» layihəsi hesab olunur. Xatırladaq ki, Azərbaycan dilində linqvistik texnologiyaların tətbiqinə 2003-cü ildən başlanıb. O zaman ilk dəfə olaraq Azərbaycan dilindən ingilis dilinə ilk maşın tərcüməsi hazırlanıb.

“Dilmanc» milli tərcümə sisteminin yaradılmasına rəsmi olaraq 2005-ci ildən start verilib. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» yaradılıb. Həmin vaxt bu sistemin 3 istiqamət, yəni Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə edən versiyası hazırlanıb. Sistemin söz bazalarında 250 mindən çox söz və söz birləşməsi var. Bu söz bazalarından əlavə maliyyə-iqtisadi və İKT terminləri lüğətlərinin maşın tərcüməsi sistemində istifadə edilə bilən variantlarının ilk versiyaları da yaradılıb. 2007-ci ildə isə «Dilmanc» tərcümə sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə həyata keçirən versiyasının təqdimatını keçirilib. Həmin ilin dekabrın 27-də «Dilmanc»ın təkmilləşdirilmiş 2.0 versiyası istifadəyə verilib. Həmin dövrdə bir ay ərzində «Dilmanc» sisteminin 2.0 vesiyasının 25 mindən yuxarı kompüter istifadəçisi tərəfindən köçürülməsi qeydə alınıb. 2008-ci ildə isə «Dilmanc»ın təkmilləşdirilmiş 2.2 versiyası, daha sonra «Dilmanc»ın təkmilləşdirilmiş 2.5 versiyasını istifadəyə verilib. Hər yeni versiyada əvvəlki versiya ilə müqayisədə yeni imkanlar əlavə edilir və mövcud olanlar təkmilləşdirilir. Yeri gəlmişkən bu yaxınlarda mobil telefonlarda şifahi nitqi tərcümə edən “Dilmanc” tərcümə proqramının dəqiqliyi artırılıb. “Dilmanc” qrupundan verilən məlumata görə, mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” tərcümə proqramının yeni versiyası istifadəyə verilib.

Bəs, görəsən, yeni versiyanı əvvəlki versiyadan fərqləndirən əsas xüsusiyyət nədir? «Dilmanc Translator» tərcümə proqramına maraq varmı? Hazırda sözügedən layihənin əməkdaşları hansı işlər üzərində çalışırlar?

Mövzu ilə bağlı fikirlərini «Həftə içi» nə açıqlayan «Dilmanc» layihəsinin əməkdaşı Rauf Fətullayev bildirib ki, hazırda onların əsas məqsədi Azərbaycan dili üçün daha keyfiyyətli linqvistik texnologiyalar yaratmaqdır. Bundan əlavə, yeni versiyalar www.dilmanc.az saytında yerləşdirilir. Saytdan «Dilmanc» tərcümə sisteminin beta-versiyasını kompüterə ödənişsiz yükləmək mümkündür. Onun sözlərinə görə, proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir: “İnternetdən istifadə etmək imkanı olmayan istifadəçilərin də bu tərcümə sistemindən istifadə etdiyini nəzərə alsaq istifadəçilərin sayı hər il on minlərlə artır. Üstəlik, layihənin elektron poçtuna daxil olan məktublar göstərir ki, «Dilmanc» tərcümə sistemi təkcə Azərbaycanda deyil eyni zamanda Türkdilli ölkələrdə, Avropa və Amerikada da tanınır və istifadə edilir. Bu hadisə «Dilmanc»ın istifadəçilər tərəfindən böyük maraqla qarşılandığını göstərir. Ona görə də, mili tərcümə sistemi Azərbaycanda istifadəçi sayına görə analoqu olmayan proqram təminatına çevrilib.Bu mənada biz öz məhsullarımızı mütəmadi olaraq təkmilləşdiririk».

«Dilmanc»ın mobil versiyasının yaradılmasından danışan həmsöhbətimiz deyib ki, bu istiqamətində ilk addım 2014-cü ilin əvvəlində atılıb. Rauf Fətullayevin sözlərinə görə, bu layihəsi çərçivəsində yaradılmış «Dilmanc» mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilib. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və sair göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. «Dilmanc Conversation» - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da «Dilmanc Translator» axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər.

Rauf Fətullayev bildirib ki, bu ilin fevral ayında «Dilmanc»ın istifadə verilmiş yeni versiyasında mətnləri Azərbaycan, ingilis və rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib. Android əsasında işləyən telefon və planşetlərə «Dilmanc Mobile Translator» proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilis və rus dilləri arasında tərcümə etmək olar.

Yeni versiyanın özəlliklərinə də toxunan Rauf Fətullayev sistemin kefyiyyətinin artırıldığını vurğulayıb. Onun sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır: “Yəni, biz danışarkən danışdıqlarımız yazıya çevriləcək, sonra isə yazı tərcümə olunacaq. Əvvəllər elə olurdu ki, danışdıqlarımız yazıya çevrilərkən müəyyən səhvlər meydana çıxırdı. İndi sistem təkmilləşdirilərək həmin səhvlər daha da azaldılıb. Digər tərəfdən bəzi telefon modellərində bu sistemin işləməsi üçün problemlər var idi ki, artıq həmin problemlər də aradan qaldırılıb. Onu da deyim ki, proqram hələlik yalnız “Android” platformasında işləyir və tamamilə ödənişsiz yayılır».

Ekspert bildirib ki, “Dilmanc Translator” proqramı istifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülüb. Rauf Fətullayevin sözlərinə görə, bu proqramın hələlik Android platformasında işlədiyini nəzərə alsaq deyə bilərik əldə olunan nəticə böyükdür: “İndi bizə çoxlu məktublar gəlir ki, bu proqramı «İn Rhone» və “Windows Phone” üçün hazırlayaq. İndi bunun üzərində iş aparırıq. Digər tərəfdən hazırda layihə çərçivəsində yeni istiqamətlərin əlavə olunması əsas hədəflərdən biridir. Bundan başqa biz Azərbaycan dilini başa düşən sistem üzərində də iş aparırıq. Həmin layihə insan nitqinin kompüter vasitəsilə başa düşülməsi prosesinin reallaşdırılmasını əhatə edir. Biz həmin layihəni bu il keçirilməsi planlaşdırılan «Bakutel -2014» sərgisində ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq. Sözügedən sərgiyə gələn ziyarətçilər kompüterlər vasitəsilə «Bakutel-2014» barədə ətraflı məlumat ala biləcək və kompüterlərlə sorğu-sual edə biləcəklər. Məsələn, istənilən ziyarətçi yeni layhəmizin tətbiq edildiyi kompüterlərə sərgidə iştirak edən şirkətlər, mal və məhsullar və sair barədə suallar verə və ətraflı cavab ala biləcəklər. Ola bilər ki, gələcəkdə bu sistemin tətbiq sahələri də genişləndirilsin. Tutaq ki, bu sistem iri ticarət mərkəzlərində, sorğu mərkəzlərində quraşdırala bilər. Yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilərə daha çox məlumat verə və daha çox zəng qəbul edə bilər».

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Xəbərə olan səhifəyə link: http://hafta.az/index2.php?m=yazi&id=126371


© dilmanc.az