Dilmanc tərcüməçinin yeni versiyası istifadəyə verildi


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan dili üçün yeni İnternet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.

Bu işlərin tərkib hissəsi kimi, Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verildi. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır:

Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.
Lüğət. Tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq. "Nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək.
Mətnin səsləndirilməsi. Tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "Səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərsiniz.
Mobil qurğulara yüklənə bilmə. Android əsasında işləyən telefon və planşetlərinizə "Dilmanc Mobile Translator" proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, İngilis və Rus dilləri arasında tərcümə edə bilərsiniz. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, "Play Store"-da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənmişdir.

Proqramın yeni versiyası dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilmişdir və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.

Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev layihənin gələcək planlarından danışarkən mövcud istiqamətlər üzrə tərcümə keyfiyyətinin artırılması və yeni istiqamətlərin əlavə edilməsi, həmçinin Azərbaycan dili üçün nitqin başa düşülməsi sisteminin yaradılması üzərində işlərin getdiyini bildirmişdir. Bu sistemin ilk versiyası müəyyən mövzularda istifadəçinin şifahi suallarını başa düşərək ona cavab verəcək.

Qeyd edək ki, layihənin elmi məsləhətçisi akademik Əli Abbasovdur.



»   Şərhləri göstər


© dilmanc.az