Görmə çətinliyi olanlara Azərbaycan brendi mini kompüterlər paylanır (BBC Azərbaycan)

Xəbərə olan səhifəyə link:
http://www.bbc.co.uk/azeri/international/2013/07/130725_dilmanc_mini_com...

Azərbaycanda görmə zəifliyi olan şəxslərə yüzə qədər milli dillə idarə edilən yerli mini kompüterlər verilib

Azərbaycanca səsli əmrlərlə idarə edilən qurğu əsasən, onlayn rejimdə xəbərləri oxutmaq, elektron məktubları yoxlamaq və cavab göndərmək və radio dinləmək üçündür.
“Kompüterin hissələri Çindən gətirilir, Mingəçevirdə Kür zavodunda yığılır, proqram təminatını Dilmanc hazırlayıb”, "Dilmanc D01" adlandırılan kompüterin məxsus olduğu layihənin proqramçılar qrupunun rəhbəri Rauf Fətullayev BBC Azərbaycancaya deyir.
Onun sözlərinə görə, bu proqram təminatı hazır olduğu 2011-ci ildə "dünyada ilk olub".
Həmin dövrdən indiyə kimi sınaqlar üçün iki yüz ədədi paylanılan bu qurğunun gələcəyi isə “ağıllı” telefonlar - smartfonlar olacaq.

Yeni "ağıllı" telefonlar

“Yəqin ki, bu ilin noyabrında Android platformasında olan “ağıllı” telefonlara Dilmanc proqramı tətbiq ediləcək və əlillərə bu yeni telefonlar paylanılacaq”, Fətullayev vurğulayır.
Onun sözlərinə görə, bu səbəb görmə zəifliyi olanların layihə rəhbərlərinə iki cihaz “gəzdirmək istəməmələri" barədə fikirlər söyləməsidir.
Hazırda isə mini kompüterlər əsasən ali və orta-ixtisas məktəblərində və xüsusi internat-məktəblərin yuxarı siniflərində təhsil alan tələbə və şagirdlərə paylanılır.
"Ehtiyac meyarına baxırıq, istəyənlər sənədlərini təqdim edir, biz isə, texniki məktəblərdə oxuyan və ya xüsusi istedadlı gənclər və işləyən şəxslərə pulsuz paylayırıq", Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev deyir.
Qurğuların hazırlanması və paylanma prosesində Dilmancla birgə fəaliyyət göstərən Cəmiyyətin on min görmə çətinliyi olan üzvü var.
Cəmiyyət sədri bildirir ki, 2013-14-cü illər ərzində min ədəd belə kompüterin paylanması nəzərdə tutulur.
Onun sözlərinə görə, cihazların hazırlanmasının bu qədər vaxt alması Kür zadovunun istehsal gücünün "aşağı" olması ilə bağlıdır.
Abdullayev deyir ki, ümumilikdə respublikada 40 minə yaxın belə şəxs var ki, onların da əsas hissəsi yeniyetmə və gənclərdir.

40 minə yaxın əlil və 1000 pulsuz kompüter

"Bu qədər əlil var, bütün əlillərə qurğunun pulsuz paylanması mümkün deyil. Satış qiyməti bugün üçün 400-500 manatdır", Abdullayev bildirir.
Cəmiyyət sədri deyir ki, təhsil prosesində bu cihazlardan istifadə edilsə də, Dilmancın kitabxanasında, əsasən Azərbaycan və dünya ədəbiyyatına aid kitablar mövcuddur. Onlayn kitabxanada ümumilikdə otuza yaxın belə kitab var.
Azərbaycan istehsalı olan səsli mini kompüterin ideyası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova "məxsusdur".
“Nitq tanıma və mətn oxuma proqramlarımız hazır idi, cənab Abbasov onları birləşdirib qurğu hazırlamağı məsləhət gördü”, Fətullayev qeyd edir.
Həm görmə zəifliyi, həm də yuxarı ətrafları olmayan şəxslər üçün nəzərdə tutulan cihazlarda, istifadədən öncə, şəxsin istəyinə uyğun email və saytlar aktiv edilir. Çünki cihaz monitor və klaviaturaya malik deyil.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe olan Dilmanc layihəsi Heydər Əliyev fondu tərəfindən maliyyələşdirilir


© dilmanc.az