Azərbaycana texnoloji inqilab bəxş edənlər

xəbər olan səhifəyə link:

http://www.publika.az/index.php?action=static_detail&static_id=49493

İnsanlar arasında başlıca ünsiyyət vasitəsi dildir. Dünya xalqlarının dil müxtəlifliyi insanlar arasında qarşılıqlı anlaşmaya maneə yaratdığından bəşər övladının vahid dil yaratmaq məsələsi bütün zamanlarda aktual olub. Amma texnologiyaların sürətlə inkişafı bu maneələri də aşmağa imkan yaradır.

Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov Azərbaycan türkcəsindən digər dillərə tərcümə və əks prosesin avtomatlaşdırılması məsələsinin ilk təşəbbüskarıdır.

Azərbaycanda maşın tərcümə sisteminin yaradılması ideyasını həyata keçirmək üçün akademikin rəhbərliyi altında 2003-cü ilin əvvəllərindən elmi tədqiqatlara başlanıb. Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu əsasında ilk olaraq Azərbaycan-ingilis maşın tərcüməsi sistemi yaradılıb. Bu işlərin məntiqi davamı olaraq 2005-ci ilin aprel ayından isə Dilmanc layihəsi həyata keçirilir.

Mətni səsə, səsi mətnə çevirən və telefon danışığını tərcümə edən sistemlər...

Layihədəki əsas elmi tədqiqat istiqamətləri bunlardır: dilimizdən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması; Azərbaycan türkcəsində nitqin tanınması (yəni, səsin sözə çevrilməsi) sisteminin yaradılması; Azərbaycan türkcəsində mətnin səsləndirilməsi (sözün səsə çevrilməsi) sisteminin yaradılması; telefon danışığını dilimizdən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması.

Layihənin əsas prioritetlərindən biri bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır.

Hazırda görülən işlər hansı səviyyədədir? Bu məqsədlə nazirliyin nəzdindəki “Azəripoçt” MMC-nin binasında yerləşən Dilmanc layihəsinin Proqramçılar qrupunun üzvləri ilə görüşdük.

Qeyd edək ki, qrupun rəhbəri Rauf Fətullayev 2001-2002 tədris ilində Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə 672 balla daxil olub. İlk prezident təqaüdü alan gənclərdən biridir. BDU-nu qırmızı diplomla başa vurub, magistraturanı bitirib, hazırda texnika elmləri namizədidir.

Layihənin məqsədi dil texnologiyalarını genişləndirməkdir

Rauf Fətullayev dedi ki, layihədə nəzərdə tutulmuş elmi tədqiqat istiqamətlərinin hər biri üzrə praktik nəticələr əldə olunub və hazırda onların keyfiyyətinin artırılması üzərində işlər gedir:

“Dilmanc layihəsi Azərbaycan dili üçün dil texnologiyalarının yaradılması ilə məşğuldur. Layihənin məqsədi xalqımız üçün dil baryerinin aradan qaldırılmasıdır. Çünki informasiya daha çox xarici dildədir. Bu informasiya əlçatan olmalıdır ki, məlumatsızlıq yaranmasın. İrəlidə olan o dövlətlərdir ki, informasiyanı sürətlə alıb, onu sürətlə emal edirlər”.

Onu da bildirək ki, hazırda Avropa Maşın Tərcüməsi Assosasiyası Dilmanc layihəsini Avropa tədqiqat qrupları siyahısına daxil edib. Layihənin rəhbəri Əbülfət Fətullayev 2011-ci ildə Azərbaycan respublikası prezidenti tərəfindən əməkdar mühəndis fəxri adı ilə təltif olunub. Layihə çərçivəsində yaradılmış texnologiyalar bir çox beynəlxalq sərgilərdə uğurla təqdim olunub.

Layihə çərçivəsində dilmanc.az saytında mətnin səsləndirilməsi - sözün səsə çevrilməsi proqramı ötən ildən tətbiq olunmağa başlayıb. Həmçinin 2012-ci ildə Heydər Əliyev Fondu və Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyinin dəstəyi ilə dünyada ilk dəfə görmə qüsuru olan insanlar üçün səslə idarə olunan mini kompüter də yaradılıb. Monitoru və klaviaturası olmayan bu kiçik kompüter səsli əmrləri başa düşür və istifadəçiyə səslə cavab verir. Bu kompüterdə səsli əmrlər vasitəsilə internetdə xəbər saytlarına qulaq asmaq, radio dinləmək, elektron məktub yazmaq və digər işlər görmək mümkündür.

Nitqin mətnə çevrilməsi bu ay istifadəyə veriləcək

Nitqin tanınması və sintezi – səsin sözə çevrilməsi istiqamətində isə təkmilləşdimə işləri aparılır və ay ərzində istifadəyə veriləcək. Mütəxəssis bildirdi ki, dilmanc.az saytında məhsullar bölümündə nitqin tanınması bölümünə daxil olmaqla mikrofonla deyilən şifahi nitqin avtomatik olaraq mətnə çevrilməsi mümkün olacaq. Bunun üçün isə keyfiyyətli mikrofonların olması vacibdir.

Rauf Fətullayev: “Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən başlanıb. Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi (nitq vahidləri, səslər və s.) bir daha tədqiq edilib, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası, nitq korpusu yaradılıb. 2500 nəfərdən çox müxtəlif yaş kateqoriyasından kişi və qadınların səsləri yazılıb. Bundan əlavə, nitqin tanınması sisteminin komponentlərindən biri olan dil modelinin yaradılması üçün Azərbaycan dilinin mətn korpusu yaradılıb. Bu mətn korpusunun yaradılması üçün internetdə olan Azərbaycan dilli saytların kontenti serverlərimizə köçürülüb və köçürülməkdədir. Bu kimi çoxmərhələli işlərimiz yekunlaşdıqdan sonra mikrofona deyilən sözün avtomatik olaraq mətnə çevrilməsi prosesi ay ərzində istifadəyə veriləcək”.

Mütəxəssis onu da bildirdi ki, nitqin tanınmasında çətinliklər və incəliklər çoxdur, çünki hər insanın nitqi fərqlidir:

“Nitq sürətli, yavaş və ya dəyişən sürətli, yüksək tonlu, alçaq tonlu və ya pıçıltılı, danışıq stili aydın və ya çətin anlaşılan ola bilir. Ətrafda çox müxtəlif küylər mövcuddur. Sözlərdəki səslər arasında dəqiq sərhəd məlum deyil. Dildə sözlərin sayı həddən artıq çoxdur. Nitq zamanı sözlərdəki səslər buraxıla və ya dəyişdirilə bilər. Bu kimi problemlər mövcud olduğu üçün gərgin elmi tədqiqatlar aparılıb”.

Jurnalistlər nə qədər çox istifadə etsə, sistem o qədər təkmilləşəcək

Sistemin xüsusiyyətlərindən danışan mütəxəssis dedi ki, nitqin tanınması proqramı öz-özünü təkmilləşdirdiyindən çox istifadə olunmalıdır: “Hazırda dilmanc nitqin tanınması sistemi 1 milyona yaxın söz-forma tanıya bilir. Keyfiyyətli mikrofondan istifadə edildikdə sistemin dəqiqliyi 92%-dən artıqdır. Sistemin əsas xüsusiyyətlərinin biri də istifadə edildikcə keyfiyyətin yaxşılaşmasıdır. İstifadəçilər proqramdan istifadə edən zaman yüksək ehtimalla tapılmış cümlələr və onlara uyğun səs faylları serverə yazılır. Bu səslər vaxtaşırı olaraq sistemin nitq korpusuna əlavə edilir və sistem yenidən öyrədilir. Nitq korpusu artdıqca tanıma keyfiyyəti də artır. Ona görə də istifadəçiləri çoxaldıqca, nə qədər çox səs və söz müxtəlifliyi sistemə qeyd olunacaqsa, sistem o qədər təkmilləşəcək. Qeyd edim ki, ingilis dilində bu cür bir çox sistemlər fəaliyyət göstərir. Rus dili üçün “Google” şirkəti belə bir proqram hazırlayıb. Hesab edirəm ki, yerli mütəxəssislər tərəfindən hazırlanan bu sistem də Azərbaycan üçün böyük yenilikdir. Nitqin tanınması sistemi informasiyanı - mətni kompüterə klaviaturadan istifadə etmədən birbaşa mikrofona danışmaq vasitəsiylə daxil etməyə imkan verir. Bu həm mətni sürətlə yazmağa, həm də qurğuları səslə idarə etməyə imkan yaradır”.

Rauf Fətullayev dedi ki, insan nitqinin quruluşunun tədqiqi tarixi kifayət qədər qədim olsa da, insanların nitqi necə başa düşməsi hələ də açıq məsələ kimi qalmaqdadır:

“Bu, kompüterdə nitqin tanınması sistemlərinin yaradılmasında ən əsas çətinlikdir. Heç kim insanın nitqi necə tanıması haqqında tam və dəqiq təsəvvürə malik olmadığı üçün, kompüterdə nitqin tanınması üçün statistikaya əsaslanan yanaşmalar seçilib”.

Nitqin tanınması sisteminin 3 əsas komponentdən - akustik model, dil modeli və dekoderdən (nitqi mətnə çevirən) ibarət olduğunu bildirən mütəxəssis bu modelləri yaratmaq üçün minlərlə insan səsinin yazılaraq onların danışığındakı səslərin sərhədləri qeyd etməklə bazaya toplandığını dedi.

Mikrofona söylədiyimiz sözlər bir neçə saniyədən sonra kompüterdə mətn şəklində əks olundu. Rauf Fətullayev dedi ki, səsin daha sürətlə mətnə çevrilməsi üçün mikrofonun keyfiyyəti vacibdir:

“Bu cür mikrofonların qiyməti hələ ki, bir qədər bahadır. 100 manatdan başlayır”.

Avtomatik tərcümə mətni anlaşılan dilə çevirir

Avtomatik tərcümə sistemindən də danışan mütəxəssis dedi ki, bu sahədə keyfiyyətin artırılması istiqamətində gərgin işlər görülür:

“Avtomatik tərcümə insan tərcüməsinin keyfiyyətinə çatmasa da, mətni anlaşılan dilə çevirə bilir ki, bu da əksər insanların məlumat almasına imkan yaradır. Bu sistem tərcüməçilərin işini də asanlaşdırır, tərçüməçi işinə sıfırdan başlamır. Tərcümə sistemi http://www.translate.az/cgi-bin/index.cgi saytında yerləşdirlib və il ərzində bu sistemi təkmilləşdirib istifadəyə verəcəyik. Hazırda beta tərcümə kimi istifadədir.

Bundan başqa, İngilis-Azərbaycan, rus-Azərbaycan və əksinə tərcümə sisteminin olduğunu bildirən proqramçı elektron lüğətin aktiv olduğunu bildirdi: “Onlayn lüğət dilmanc.az saytımızda aktivdir. İngilis-Azərbaycan istiqaməti üzrə 130 minə yaxın söz, rus-Azərbaycan istiqaməti üzrə 70-80 min söz toplanıb və getdikcə bu sistem də təkmilləşir. Burada tərcüməçilərin işini təkmilləşdirmək məqsədilə sözün hər cümlədə yerinə görə işlənməsi üçün nümunələr də verilib”.

Azərbaycanın telefon tərcümə sistemi dünyada ilkdir

Telefon danışığının avtomatik tərcümə sisteminin Azərbaycan tərəfindən ilk ideya olduğunu deyən həmsöhbətimiz 2009-cu ildə İsveçrənin Cenevrə şəhərində beynəlxalq sərgi zamanı bu sistemin nümayişinin böyük maraq doğurduğunu dedi:

“Həmin sərginin qonaqlarından biri də BMT baş katibi Pan Gi Mun idi. O da telefon-tərcümə sistemini çox böyük maraqla qarşıladı və bizi təbrik etdi. O zaman bu sistem dünyada ilk idi, hazırda bu sistemin tətbiqi üzrə işlər gedir. Sistem özü 3 hissədən ibarətdir, nitqi tanıyıb mətnə cevirir, sonra mətni tərcümə edir və sonra alınmış mətni səsləndirir. Bu sahədə cənab nazir Əli Abbasovun çoxdan elmi-tədqiqat işi olub və son məqsəd də odur ki, telefon tərcümə sistemi tam təkmil formada insanların ixtiyarına verilsin”.

“Riyaziyyatçılar, proqramçılar və dil mütəxəssislərinə ehtiyacımız var”

Cəmi 20 nəfər işci heyətdən ibarət olan qrupun hazırda çətinlikləri də var. Rauf Fətullayev dedi ki, bu işə peşəkar kadrlar cəlb olunsa, peoses xeyli sürətlənər:

“Hazırda ən böyük problemimiz bu sahədə mütəxəssis azlığının olması ilə əlaqədardır. Prezidentin dövlət dilinin inkişafı ilə bağlı sərəncamının icrası istiqamətində işlərin görülməsi üçün dilçi mütəxəssislərlə əməkdaşlıq edilməlidir və tərəfimizdən bu əməkdaşlıq təşəbbüsləri göstərilib. Riyaziyyatçılar, proqramçılar və dil mütəxəssislərinə ehtiyacımız var. Bu sahəyə mütəxəssis qüvvələrin cəlb olunması, savadlı peşəkar kadrların olması işimizin keyfiyyətini xeyli sürətləndirər. İşçi heyətimiz 20 nəfərdən ibarətdir ki, bunların da 10-u operatordur. Layihə çərçivəsində rus dilindən tərcümə nəzərdə tutulmamışdı, amma kollektivimizin bu işə olan sevgisindən irəli gələrək, qeyri-iş günlərimiz hesabına biz bu işi də icra edirik. Yaponiyada bu sahənin inkişafına milyonlarla büdcə vəsaiti ayrılır ki, bu da əhalinin maksimum sürətlə məlumatlanmasına, hər bir insan öz sahəsində lazım olan məlumatı əldə etməsinə kömək edir. Bu baxımdan, bu layihə ölkədə hər bir sahənin inkişafına təsir göstərə bilir. Onu da qeyd edim ki, bu layihəni dövlət dəstəklədiyi üçün layihə tərkibindəki bütün xidmətlər əhalinin istifadəsinə pulsuz verilir”.

İntellekt, zəhmət tələb edən gərgin və faydalı işdə “Dilmanc” layihəsinin iştirakçılarına uğurlar arzulayırıq.

Sevil Hilalqızı


© dilmanc.az