Azərbaycan dilində nitqin tanınması sistemi istifadəyə verildi

Azərbaycan dilində şifahi nitqi mətnə çevirən Dilmanc nitqin tanınması sistemi istifadəyə verildi. Sistemin köməyilə kompüterə mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir. Dilmanc nitqin tanınması sistemi avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram istifadəçilərə daha təbii yol təklif etməklə yanaşı, klaviaturada yığmağa nisbətən bir neçə dəfə daha sürətli mətn daxil etməyə imkan verir.

Dilmanc layihəsinin direktoru t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, Azərbaycan dilində nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində başlanılmışdır. Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi bir daha tədqiq edilmiş, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası yaradılmışdır. Nitq bazasının yaradılması üçün 2500 nəfərdən çox müxtəlif yaş kateqoriyasından insanların səsləri yazılmışdır. Bu informasiyalardan istifadə etməklə Azərbaycan dilində nitqin tanınması alqoritmləri işlənib hazırlanmışdır.

Dilmanc nitqin tanınması sistemini pulsuz onlayn servis kimi aşağıdakı ünvanda istifadə etmək mümkündür

http://dilmanc.az/asr

Proqramı işlədərkən keyfiyyətli mikrofondan istifadə etmək məsləhət görülür. Bundan başqa, sistem hələlik mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır. Sistemin əsas xüsusiyyətlərindən biri də istifadə edildikcə keyfiyyətinin yaxşılaşmasıdır. Belə ki, sistemdən istifadə edənlərin səsi avtomatik olaraq nitq bazasına əlavə edilir, nitq bazasının həcmi artdıqca isə sistemin dəqiqliyi də yüksəlir.



»   Şərhləri göstər


© dilmanc.az