«Nitqin tanınması proqramının birinci versiyasını yaratmışıq»

xəbər olan səhifəyə link:


http://www.xalqcebhesi.az/?p=112335


Əbülfət Fətullayev: «Gələn ilin əvvəlindən
nitqin tanınması proqramının birinci versiyası istifadəyə veriləcək»
Artıq internetdə insan əməyinin yüngülləşdirilməsi istiqamətində də addımlar atılır. Hətta insanlar elektron ticarətdən yararlanmaqla belə istədikləri xidmətin təşkilinə nail olur, mal və məhsulu almaq imkanı əldə edirlər. Azərbaycan isə bu sahəyə hələ ki, yenicə qoşulmağa başlayıb. İnternetdə insan əməyinin yüngülləşdirilməsi, elektron ticarətin inkişafı və bu kimi sair məsələlərlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Hazirliyinin «Dilmanc» layihəsinin direktoru Əbülfət Fətullayevin fikirlərini öyrəndik.
- Biz maşın tərcümə sistemlərindən başqa, həm də Azərbaycan dilində digər linqvistik texnologiyaların da yaradılması ilə məşğuluq. Bunlar nitqin avtomatik tanınması, mətnlərin insan səsilə səsləndirilməsi, bu halda hansısa mətn oxumadan da kompyüterə yerləşdirilir, şəxs isə həmin vaxt digər işlərlə məşğul olur, bundan başqa səslə axtarış sistemlərilə də məşğuluq. Bundan əlavə kompyüterin daha təbii yolla, yəni insanın verdiyi komandalarla idarəolunması üçün proqramların yaradılması baxımından da biz bu işlərlə məşğul oluruq. Hitqin tanınması proqramının artıq birinci versiyasını yaratmışıq. Gələn ilin əvvəlindən bu proqram istifadəyə veriləcək. Ona görə də apardığımız qeydləri klavyaturaya toxunmadan mikrofona deməklə komyüterə köçürürük, sonra isə redaktə etmək olar. Hazırda bu prosesin keyfiyyətinin yaxşılaşdırılması üzərində işləyirik. Hazırda bunun keyfiyyət göstəricisi hardasa 90 faizdən yuxarıdır.
- Bu sahədə mövcud keyfiyyətin artırılması üçün nə edilir?
- Keyfiyyətin artırılmasına gedilməsi üçün tanınma alqoritmlərini təkmilləşdiririk. Ümumiyyətlə, tanınma iki sistemdən ibarətdir ki, biri akustik, digəri linqivistik korreksiyadır. Yəni səs siqnalını analiz etməklə ilkin tanınma həyata keçirilir. Ondan sonra tanımış söz, alınmış cümlə linqvistik korreksiya blokuna ötürülür. Burada isə belə ardıcıllığın mümkün olub-olmadığı analiz edilir. Bu zaman mümkün səhvlər də linqvistik korreksiya yolu ilə aradan götürülür. Həm akustik tanınma alqoritmlərini, həm də linqvistik korreksiya blokunu təkmilləşdirir və bunun hesabına da nitqin tanınma sisteminin keyfiyyətini artırırıq. Bundan əlavə daha keyfiyyətli nəticələrə nail olmaq üçün spik korpusu deyilən bir korpus da yaradılmalıdır. Bu korpus isə müxtəlif insanların səsindən yazılmış mətnlər sistemidir. İnsanları danışdırırıq, mətn verilir və onlar da onu oxuyur. Həmin oxunan mətnə uyğun olaraq da xüsusi proqramlarla onu analiz edir və fonun bazası deyilən baza yaradırıq. Ondan sonra ondan nitqin tanınma prosesində istifadə edirik. Hazırda nitq korpusunun yaradılması üçün 3 minə yaxın adamın səsini yazmışıq. Burada danışıqların ümumi uzunluğu təxminən 60 saata yaxındır. Bunu 200 saata çatdıra biləriksə, onda daha yaxşı tanıma sistemi əldə edərik. Yəni 3 min deyil, dörd dəfə artıq, 10 min insanın səsini yazsaq, onda nitqin tanıma sisteminin keyfiyyəti daha yüksək olacaq. Məsələn, çox şad olardıq ki, qəzetlərdə imkan yaradılardı, gəlib burada çalışan jurnalistlərin səslərini yazardıq. Beləliklə də, bizim nitq korpusu böyüyərdi. Hitq korpusunun böyüməsindən isə nitqi tanıma sisteminin keyfiyyəti birbaşa asılıdır. Məsələn, draqun spik sistemi hazırda dünyada ən geniş yayılmış nitqi tanıma sistemlərindən biridir. O, ən keyfiyyətli nitq sistemidir. Onun nitq korpusu 200 saatdan xeyli çoxdur. Bu səbəbdən dəbonlarda keyfiyyət həddən artıqdır. Demək olar ki, yüz faizə belə çatır. Bizdə isə 90 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, bizim sistemdə 100 cümlə deyilsə, onun təxminən 90-ı dəqiq tapılacaq, digər onunda isə səhvlər olacaq. Məsələn, draqun spikdə nitq korpusu və linqvistik korreksiya bloku böyük olduğundan keyfiyyət yüksək əmsalla ölçülür. Ölkəmizdə hələlik bu sistemlərin genişləndirilməsi və böyüdülməsi istiqamətində işlər aparılır.
- Azərbaycanın İKT sahəsində öncül ölkələr cərgəsinə daxil olması üçün sizcə nələr etmək lazımdır və edilir? Hazırda bildiyimiz kimi, Azərbaycan Ümumdünya İqtisadi Forumunun hesabatına görə 142 ölkə arasında 3,9 balla 61-ci yeri tutur.
- Birincisi odur ki, ölkədə internet şəbəkəsi tədricən genişləndirilir. Kompyüterlə təchizat çoxaldılır. Geniş zolaqlı internetin daha geniş şəkildə tətbiq olunması sahəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən işlər həyata keçirir. Bundan əlavə çoxlu saytlar şəbəkəsi yaradılıb ki, Azərbaycanda mövcud olan informasiyalar orada yerləşdirilsin. Elektron hökumət layihəsi də həyata keçirilir ki, insanlar onun vasitəsilə evlərindən çıxmadan, hansısa qapıları döymədən istədikləri məlumatı, arayışları almaq imkanı qazanırlar. İnanıram ki, yaxın gələcəkdə bu istiqamətdə xeyli irəliləyişlərə nail olacağıq.
- Bəs, İKT infrastrukturunun inkişafı sahəsində nə kimi işlər görülür və görülməsi nəzərdə tutulub?
- Biz layihə direktoruyuq. Ona görə də İKT infrastrukturunun inkişafı sahəsində sadəcə olaraq onu deyə bilərəm ki, digər sektorlar kimi bu istiqamətdə də hazırda müəyyən işlər aparılır. Məsələn, data sentrlər yaradılır ki, orada da serverlərin pulsuz yerləşdirilməsinə imkan verilir. Ondan əlavə optik kabellər çəkilib. Digər bir layihə üzrə məqsəd isə odur ki, Azərbaycanda böyük bir mərkəz yaradılsın, bütün Avropa və digər uzaq ölkələrdə olan informasiyalar ölkəmizə gətirilərək buradan başqa yaxın ölkələrə paylanılsın. Bu halda proses həm Azərbaycan üçün ucuz başa gəlir, həm də digər ölkələr informasiyanı daha ucuz qiymətə əldə edə bilir. Həmin layihənin həyata keçirilməsi başlanğıc mərhələsindədir və yəqin yaxın gələcəkdə onun da həyata keçirilməsilə Azərbaycanda internetin inkişafına daha böyük xidmət göstəriləcək.
- Təəssüf ki, İKT üzrə kadr potensialı məsələsi ölkəmizdə hələlik aktual olaraq qalır. Bu sahədə hələ də çoxsaylı peşəkar mütəxəssislərimiz yox dərəcəsindədir. Kadr potensialını artırmaq üçün bu sahə üzrə mütəxəssis olmaq istəyənlərin xarici ölkələrdə oxuması və təcrübə keçmələrinə necə baxırsınız?
- Həqiqətən də İKT sahəsində ölkəmizdə ən böyük problem kadr məsələsidir. Ölkəmizdə bu sahə üzrə kadr hazırlığı Bakı Dövlət Universitetində, Texniki Universitetdə, Heft Akademiyasında və bəzi digər özəl təhsil ocaqlarında həyata keçirilir. Ancaq kadr hazırlığı lazımi səviyyədə deyil. Ölkəmizin inkişaf səviyyəsilə İKT sahəsində kadr potensialı və hazırlığı qeyri-mütənasiblik təşkil edir. Özümüz daimi olaraq proqramçı axtarırıq. Baxmayaraq ki, başqa sahələrlə müqayisədə proqramçıların əməkhaqqı daha yüksək olur, ancaq bununla belə həmin sahə üzrə kadr tapmaqda günü bu gün də çətinlik çəkirik. Ölkədə proqramçıya böyük ehtiyacımız var. Bu ildən Bakı Dövlət Universiteti və Prezident Yanında İdarəçilik Akademiyasında proqramlaşdırma ixtisası açılıb. Orada xeyli sayda proqramçı hazırlamaq nəzərdə tutulub. Yəqin yeni ildən başlayaraq artıq bu istiqamətdə də müəyyən işlər görüləcək. Ölkəmizin inkişaf edən İKT sektoruna uyğun olaraq kadrların hazırlanması məsələsi zənnimcə daha da gücləndirilməlidir. Digər tərəfdən, sözügedən sektorda üstünlük verilən sahələrdən biri də xaricdə dövlət proqramı çərçivəsində İKT üzrə təhsil almaqdan ibarətdir. İxtisaslar siyahısına nəzər yetirdikdə görərik ki, informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə ixtisaslı mütəxəssislərin hazırlanması xaricdə təhsilin ən başlıca məsələsidir. Bu mənada yəqin ki, yaxın gələcəkdə xaricdə təhsil alan mütəxəssislərimiz təhsili başa vurub ölkəyə qayıdaraq öz ixtisasları üzrə işləməklə İKT sektorunun daha ciddi inkişafına töhvə verəcəklər.
- İKT vacib elementlərindən biri də elektron ticarətdir. Amma bu barədə çox danışılsada, ölkəmizdə elektron ticarəti demək olar ki, cüzi bir səviyyədədir. Əhalinin nədənsə elektron ticarətə marağı elə də ciddi deyil.
- Bir çox xalqlar kimi bizlər də bir qədər yeniliklərə qarşı ətalətli münasibət bəsləyirik. Məsələn, bankomatlar tətbiq olunan ilk dövrlərdə belə hamı növbəyə durmaq və saatlarla vaxt itirməklə pulunu nəğd almağa üstünlük verirdi. İndi isə bankomatlardan əməkhaqqı, pensiya və digər ödənişlərin alınması artıq adi hala çevrilib. Belədə vətəndaş asanlıqla, günün istənilən vaxtında çətinlik çəkmədən pulunu ala bilir. Eynilə plastik kart ödəniş sistemi barədə də bunu demək olar. Bu sistem də ölkədə hələ ciddi şəkildə yayılmayıb. Bütün mağaza və supermarketlərdə, əksər ticarət nöqtələrində terminalların olmasına baxmayaraq, demək olar ki, heç kəs aldığı malın haqqını kartla ödəmir. Hazırda Kapital Bank plastik kartlarla ödənişə həvəsləndirmək istiqamətində aksiya keçirir. Onlar plastik kartla alış-veriş edənlərə güzəştli şərtlər təklifi verirlər. Bundan da məqsəd elektron ödənişlərin faizinin çoxalmasına nail olmaqdır. Bildiyimə görə artıq Skandinaviya ölkələri, xüsusilə Horveçdə ümumiyətlə, nəğd pul məsələsi yoxdur. Ölkəmizdə isə prosesə yenicə başlanılıb. Beynəlxalq E-bay ticarət şəbəkəsi mövcuddur. Özümüz dəfələrlə həmin şəbəkədən bir çox mallar sifariş verərək almışıq. Azərbaycanda da artıq internet ticarəti həyata keçirən saytlar var. Tədricən bu proses də inkişaf edəcək. Açıq-aşkar görünür ki, elektron ticarəti də kütləviləşməyə doğru gedir.
- İTK-nin tətbiqində vacib məqamlardan biri də şəhərlə kənd arasında bu sahədəki fərqlərin aradan qaldırılmasıdır.
- Təbii ki, böyük şəhərlərdə informasiya kommunikasiya texnologiyaları ilkin olaraq tətbiq olunur. Sonradan isə proses tədricən əyalətlərə doğru yayılır. Mobil şəbəkə əvvəlcə Bakıda mövcud idi, indisə bu şəbəkədən kənar qalan ölkənin hər hansı bir ərazisi yoxdur. Bildiyimə görə Aztelekom hətta ölkənin ən ucqar kəndlərinə belə telefon çəkilişini həyata keçirib. Bankomat və plastik kartlarla ödənişlər də ən ucqar kəndlərə gedib çatıb. Ölkə inkişaf etdikcə, bu sahəyə investisiya yönəldikcə, data kartlar vasitəsilə ölkənin ən ucqar ərazilərində belə internetə daxil olmaq mümkündür. Təbii ki, proses Bakıdakı səviyyədə olmasa da, hər halda əyalətlərdə də informasiya texnologiyalarının inkişafı göz qabağındadır və bu proses daim inkişaf edir.
Rüfət Sultan
Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi » İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı» layihəsi çərçivəsində təqdim olunur.


© dilmanc.az