«Dilmanc» türk dilləri arasında ilk maşın tərcümə sistemidir

xəbər olan səhifəyə link:

http://www.xalqcebhesi.az/index.php?s=dilmanc


«Rus dilindən Azərbaycan dilinə statistik maşın tərcümə sistemi düzəltmişik»
Əbülfət Fətullayev: «Transleyt.az saytına daxil olub rus dilində mətni qoymaqla bu prosesdən istifadə etmək mümkündür»
Son dövrlər Azərbaycanda internet sürətlə inkişaf edir. Bu sektorun ölkənin qabaqcıl sahəsinə çevrilməsi hökumətin də prioritet məsələləri sırasındadır. İnternet geniş şəbəkəyə malik olduğundan burada tərcümə proqramlarını da həyata keçirmək mümkündür. Azərbaycanda internet resurslarındakı məlumatların xarici dilllərdən ana dilinə tərcümə məsələsi
tədricən də olsa öz həllini tapmaq üzrədir. Tərcümə proqramları və ümumiyyətlə internetin ölkəmizdə inkişafı barədə geniş məlumat almaq üçün «Dilmanc» layihəsinin direktoru Əbülfət Fətullayevə müraciət etdik.
Öncə o, tərcümə proqramının təkmilləşdirilməsi istiqamətində hansı addımların atıldığına aydınlıq gətirdi.
- Azərbaycan dilində tətbiqi linqvistik texnologiyaların tətbiqinə 2003-cü ildən başlanılıb. Onda biz ilk dəfə olaraq Azərbaycan dilindən ingilis dilinə ilk maşın tərcüməsi düzəltdik. Bu türk dilləri arasında ilk və yeganə maşın tərcümə vasitəsi idi. Maşın tərcümə sistemi yaratmaq üçün ilk texnologiya yaratdıq ki, ondan istənilən sistemdə tətbiq oluna bilər. Məsələn, maşın tərcüməsi metodu üçün patent almışıq.
Qeyd edim ki, ilk maşın tərcüməsi sistemi qaydalara əsaslanan maşın tərcümə sistemi idi. Əslində maşın tərcümə sistemləri hazırda üç tipə bölünür. Bunlar qaydalara əsaslanan maşın tərcümə sistemi, statistikaya və bir də nümunələrə əsaslanan maşın tərcümə sistemidir. Müasir dövrdə ən geniş yayılmış maşın tərcümə sistemi statistikaya əsaslanan maşın tərcümə sistemidir. Amma təəssüf ki, Azərbaycan dilində mövcud informasiya kifayət qədər olmadığından biz qaydalara əsaslanan maşın tərcümə istiqamətini seçdik. Hazırda isə statistik tərcümə sisteminin yaradılması üzərində işləyirik. Artıq rus dilindən Azərbaycan dilinə statistik maşın tərcümə sistemi düzəltmişik. Transleyt.az saytına daxil olub rus dilində mətni qoymaqla bu prosesdən istifadə etmək olar. Bu sistem dilmancın birinci versiyasından fərqli olaraq kifayət qədər keyfiyyətli tərcümə verir. Yaxın zamanlarda isə əksinə, yəni Azərbaycan dilindən rus dilinə tərcüməni də gücləndirəcəyik. Bundan əlavə ingilis dilindən Azərbaycan və əksinə, Azərbaycandan ingilis dilinə də statistik maşın tərcüməsinin yaradılması üzərində işləyirik. Ən son olaraq hibrit maşın tərcüməsi sistemi üzərində də iş aparırıq. Hibrit maşın tərcümə sistemi nədir? Həm qaydalara, həm də statistikaya əsaslanan maşın tərcümə sisteminin müsbət elementlərini seçirik. Hansı ki, onların ikisi bir yerdə daha keyfiyyətli və daha ciddi maşın tərcümə sistemi almağa imkan verir.
- Mümkünsə, onlayn lüğət sisteminin fəaliyyəti barədə də məlumat verərdiniz?
- Maşın tərcümə sistemlərindən əlavə onlayn lüğətlər üzərində də işləyirik. Saytımıza Azərbaycan-ingilis, ingilis-Azərbaycan, rus-Azərbaycan və Azərbaycan-rusca onlayan lüğətlər də yerləşdirmişik. Bilirsiniz ki, onlayn lüğətlər adi lüğətlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Adi lüğətlərdə sözü tərcümə etmək üçün sözün kökünü bilmək lazımdır. Hər hansı bir insan xarici dili ümumiyyətlə bilmirsə, həmin dildə sözün kökünü heç cürə tapa bilməz. Bu halda sözün kökünü tapıb onun tərcüməsini aşkarlamaq olduqca çətindir. Onlayn lüğət isə bu sahədə olan problemi aradan qaldırır. Hər hansı bir vətəndaş lazımi sözü istədiyi kimi lüğətə yerləşdirsə də, lüğət vasitəsilə həmin söz analiz edilərək sözün kökünü tapır və ondan sonra tərcüməsini verir. Ondan əlavə ingilis dilindən Azərbaycan və əksinə tərcümə etməklə bağlı paralel korpuslar vasitəsilə hər bir söz üçün nümunələr də göstərilir. İnsanın lüğətə yerləşdirdiyi sözün cümlədə işlədilməsinə və onun tərcüməsinə xeyli sayda nümunələr də göstərir. Onlayn lüğət bu sahədə Azərbaycanda, ümumiyyətlə türk dilləri arasında hələ ki, ilk belə lüğətdir. «Dilmanc» maşın tərcümə sistemidə türk dilləri arasında hələlik ilk maşın tərcümə sistemidir. Yəni türk dünyasında bizim bu istiqamətdə gördüyümüz işlərə bərabər və uyğun olan işlər hələ ki, yoxdur.
- Bilirsiniz ki, hazırda internetdən geniş təbəqələr istifadə edir. Hətta uşaqlar da belə internetə aludə olublar. Bu zaman bir sıra hallarda onlar uşaq psixologiyasına zərər vura biləcək saytlara da daxil ola bilərlər. Belə halların baş verməmsi üçün internetdə uşaqların təhlükəsizliyinin qorunması ilə bağlı qanunvericilik sahəsində nə etmək olar?
- Biz əslində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin layihəsi əsasında fəaliyyət göstəririk. O səbəbdən də uşaqların internet təhlükəsizliyi sahəsində qanunvericiliyin tətbiqi məsələlərilə məşğul olmaq kompetensiyamıza daxil deyil. Bu işlərlə məşğul olmuruq. Həmin sahə ilə qanunvericiliyə müvafiq olaraq internet provayderlər məşğul olurlar. İnternetdə həm təhlükəsizlik məsələsi həll etmək, həm də gənc nəslin neqativ saytlardan, porno saytlardan istifadəsinin qarşısını almaq üçün provayderlər bu işləri görməlidirlər. Hesab edirəm ki, onlar bu sahədə lazımi qədər fəaliyyət də göstərirlər. Həmçinin, düşünürəm ki, bu işlər daimi olaraq daha da təkmilləşdirilməlidir.
- Bu sualı ona görə verdim ki, bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə uşaqlar üçün ayrıca internet provayderlər fəaliyyət göstərir ki, onlar da həmin kateqoriyalı insanları müxtəlif səpkili neqativ saytlara daxil olmaqdan qoruyurlar.
- Bilirsiniz, internet elə böyük bir məkandır ki, orada hər şeylə məşğul olmaq artıq mümkün deyil. Yəni hansısa konkret bir seqmenti seçib onunla məşğul olmaq lazımdır. Əks halda ciddi bir nəticə əldə etmək mümkün deyil. Bu baxımdan bizim sahəmiz linqvistik texnologiya sahəsidir. Biz Azərbaycan dili üçün texnologiyalar hazırlamaq sahəsinə köklənmişik və bu istiqamət üzrə də işləyirik. Digər məsələlərə gəldikdə isə deməliyəm ki, provayderlərin əlində böyük imkanlar var ki, həmin imkanlar vasitəsilə ümumiyyətlə əxlaqi dəyərlərimizə, milli mentalitetimizə uzaq olan saytlara girişi qadağan etmək olar. Orta məktəblərə verilən internetdə bu kimi saytları bağlamaq olar ki, şagirdlər həmin məkana daxil ola bilməsinlər. Belə bir iş görmək olar və görülməsi çox vacibdir. Hesab edirəm ki, mövcud qanunvericilik imkan verərsə, provayderlər bunu həyata keçirməlidirlər. İnternetdə hələlik Azərbaycan dilində informasiya bazası o qədər də böyük olmadığından onun hansısa hissəsinin ayrılıb uşaqlar üçün verilməsi, digər hissənin isə böyüklərin sərəncamına buraxılması, yəni belə bir bölgü aparmaq mümkün deyil. Amma indi bizdə elektron kitabxanalar yaradılır və bu sahə genişləndirilməli, çoxaldılmalı və uşaqlar üçün də saytlar yaradılmalıdır. Həmin uşaq saytlarında da məhz onları maraqlandıran məsələlərə toxunmaq lazımdır. Xüsusən də uşaq saytlarına müasir və klassik ədəbiyyatdan seçmələr qoymaq olar, internetdə onlar üçün ingilis dili kursları açmaq mümkündür. Bu kimi vasitələrlə də uşaqların, məktəblilərin mövcud tələbatlarını ödəmək mümkün olar. İndinin özündə də bunu etmək mümkündür. Sadəcə olaraq həmin sahə üzrə kimsə məşğul olmalıdır. Məsələn, Təhsil Hazirliyinin özünün elektron resursları var ki, məktəblilər bunlardan istifadə edə bilərlər. Ancaq bu işlə hələlik yalnız hökumət qurumları məşğul olur. Kənardan xususi təşkilatların bu kimi işlərlə məşğul olması halına isə hələlik təsadüf etməmişəm.
- Ofis proqramlarının Azərbaycan dilinə keçirilməsi istiqamətində vəziyyət nə yerdədir?
- Lokalizasiya məsələləri, Windos və ona uyğun tətbiqi proqramların, xüsusən ofis proqramlarının hazırlanması və türcəməsi prosesi əslində çoxdan həyata keçirilir. Hələ 2003-2004-cü illərdə Elnur Vəlizadənin rəhbərliyi altında bir qrup yaradılmışdı ki, onlar da ofis proqramlarının lokalizasiyası işlərilə məşğul olurdular. Bəndəniz də orada iştirak edirdi. Windos XP, Windos Vista proqramlarını artıq Azərbaycan dilinə tərcümə etmişdik. İndi də həmin proqramlardan Azərbaycan dilində istifadə etmək mümkündür.
- Bəs bu sistemin daha da təkmilləşdirilməsi…
- Msələ belədir, Windos XP sistemi lap əvvəlki versiya idi, onun ardınca Windos Vista sistemi meydana gəldi. Lazım olan şeylərin əksəriyyəti Windos Vista-da vardı. Windos-un yeni versiyaları çıxdıqca artıq bunlar da Azərbaycan dilinə tərcümə olunur və bu sahədə işlər daimi olaraq gedir.
- Milli antivirus proqramlarının hazırlanması istiqamətində nə kimi işlər görülür? Bir ara mətbuatda milli antivirus proqramının hazırlandığı barədə məlumatlar getmişdi. Amma sonra bu barədə susdular. Bu məlumat nə dərəcədə həqiqəti əks etdirir?
- Dünya miqyasında antivirus proqramlarının tətbiqilə məşğul olub bu istiqamətdə xeyli nailiyyətlər əldə edən və internetdə də tanınan çoxsaylı belə proqramlar var. Məsələn, Kasperskinin antivirus proqramı kifayət qədər diqqəti cəlb edən, istifadəçilərin hörmətini qazanan, gündəlik işdə insana kömək edən proqramlardandır. Belə proqramlar internetdən gələn təhlükələri neytrallaşdırır. Ancaq eyni zamanda, virus yazan proqramistlər də öz işlərini təkmilləşdirirlər. Buna uyğun olaraq antivirus firmaları da daim işlərinin təkmilləşdirilməsi istiqamətində çalışır. Ona görə də bu sahədə milli antivirus proqramının yaradılması məsələsinin nə dərəcədə önəmli olması o qədər də maraqlı deyil. Antivirus elə bir proqramdır ki, onun milli proqram olmaq əvəzinə, beynəlxalq, qlobal proqram şəklində olması daha yaxşıdır. Burada əsas məsələ internetdəki viruslardan kompyuterin daha yaxşı qorunmasına nail olmaqdır.
Rüfət Sultan
Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi» layihəsi çərçivəsində təqdim olunur.


© dilmanc.az