Azərbaycanda ilk səslə idarə edilən mini kompyuterlər hazırlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın NeyroTex şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin sınaq nümunələri hazırlanıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində ictimaiyyətə təqdim olunan yeni mini kompyuteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir. Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.

Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub. Gələcəkdə nitqin kompyuter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub.


»   Şərhləri göstər


© dilmanc.az