Dilmanc layihəsi çərçivəsində "Azərbaycan dilinin tezlik lüğəti" hazırlanmışdır

Təqdim olunan tezlik lüğətinin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuşdur. Elmi, bədii, publisist, rəsmi, məişət və s. Üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaratmışdır. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur.

Leksikanın statistik modeli kimi tezlik lüğətləri nəzəri və tətbiqi dilçiliyin, ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həlli üçün əvəzsiz mənbədir.

Lüğət-minimumların, danışıq kitabçalarının hazırlanması, tədris materiallarının seçimi prosesində tezlik lüğətlərindən faydalanmaq olar.

Tezlik lüğətləri dilin sözəmələgətirmə tiplərinin, sözdəyişdirmə imkanlarının araşdırılması, orfoqrafiya və qrafikanın təkmilləşdirilməsi baxımından da böyük səmərə verə bilər.

Lüğətdən dil mütəxəssisləri, orta və ali məktəb müəllimləri, mətbuat işçiləri istifadə edə bilərlər.

Bu tezlik lüğəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən Dilmanc layihəsi çərçivəsində yaradılmışdır.








© dilmanc.az