Prezident İlham Əliyev "Dilmanc" telefon-tərcüməçi ilə tanış olmuşdur

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Həmədun Ture Noyabrın 4-də Bakutel-2009 sərgisinin açılışında iştirak etmişlər. Sərginin pavilyonları ilə tanış olan dövlətimizin başçısına burada nümayiş olunan məhsullar və xidmətlər haqqında ətraflı məlumat verilib. Prezident və xanımı sərginin əsas eksponatlarından olan "Dilmanc" telefon-tərcüməçi ilə də tanış olublar. Sistemin nümayişindən sonra Rabitə və İnformasiya Texnologiyaları naziri akademik Əli Abbasov prezidentə sistem və görülmüş işlər haqqında daha ətraflı məlumat vermişdir. Dövlət başçısı sistemi çox bəyəndiyini bildirmiş, layihə qrupunu təbrik etmiş və gələcək müvəffəqiyyətlər arzulamışdır.

Telefon-tərcüməçi sistemi ilə yanaşı, Dilmanc yaradıcı qrupu sərgidə Azərbaycan dili üçün ilk dəfə yaradılmış daha 2 böyük sistem - nitqin tanınması və mətnin səsləndirilməsi sistemlərini nümayiş etdirmişdir.

Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompüterə mətni mikrofona demək vasitəsilə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 3-4 dəfə daha sürətli mətn yazmağa imkan verir. Bu sistem həmçinin gələcəkdə kompüteri və digər qurğuları səslə idarə etməyə imkan yaradacaq. Belə ki, elektron poçta daxil olmaq, məktub yazmaq, internetdə axtarış aparmaq, proqramlarla işləmək və s. səsli əmrlərlə yerinə yetiriləcək. Hal-hazırda sistem 130 000-dən çox söz-formanı tanıya bilir və 85% dəqiqliyə malikdir.

Mətnin səsləndirilməsi sistemi isə kompüterdəki mətni insan səsi ilə oxuyur. İstifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa biləcəklər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və yorulmadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkün olacaq. Sistem həmçinin verilmiş mətnin oxunuşunu mp3 formatında yadda saxlamaq imkanı yaradacaq ki, bununla da həmin mətnə ixtiyari yerdə olarkən, mobil telefonda və ya pleyerdə qulaq asmaq mümkün olacaq.




© dilmanc.az