Dilmanc Telefon-Tərcüməçi ilk dəfə Telecom World 2009 Sərgisində nümayiş etdiriləcək



5-9 Oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək "ITU Telecom World 2009" beynəlxalq sərgisində Azərbaycan stendində ilk telefon tərcüməçi nümayiş etdiriləcək. Dilmanc layihəsi çərçivəsində yaradılmış bu yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirmək mümkündür. Sistem Azərbaycan-İngilis və İngilis-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcüməni həyata keçirir. Belə ki, 1-ci telefonda Azərbaycan dilində danışılan zaman, 2-ci telefonda bu nitq ingilis dilində səslənir və əksinə. Nümayiş etdiriləcək sistem hələlik inkişaf mərhələsindədir və sistemin kütləvi istifadəyə yararlı versiyasının yaradılması üzərində işlər davam etdirilir

Sistemin yaradılması Azərbaycan dili üçün ilk dəfə hazırlanmış 3 böyük alt sistemin hesabına mümkün olmuşdur: Azərbaycan nitqinin tanınması sistemi (şifahi nitqin kompüter vasitəsilə yazılı mətnə çevirilməsi), Maşın tərcüməsi sistemi (Azərbaycan və İngilis dilləri arasında mətnlərin avtomatik tərcüməsi) və mətnin səsləndiliməsi sistemi (yazılı mətnin kompüterdə şifahi səsləndirilməsi).

Sadalanan sistemlər Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk dəfə aparılmış elmi tədqiqatların nəticəsində yaradılmışdır. Hal-hazırda layihədə insan nitqinin emalı, maşın tərcüməsi alqoritmləri, linqvistik texnlogiyaların yaradılmasına statistik üsulların tətbiqi və s. istiqamətdə elmi araşdırmalar aparılır və nəticələr Azərbaycan dili üçün qabaqcıl linqvistik texnologiyaların yaradılmasında istifadə oluncacq.

Qeyd edək ki, "ITU Telecom World 2009" İKT sahəsində milli nailiyyətlərin nümayiş etdirilməsi üçün son illərdə keçirilmiş ən mühüm tədbirlərdəndir. Sərgidə 40 ölkədən 25 milli pavilyon da daxil olmaqla 700 şirkət iştirak edəcək. Tədbir çərçivəsində keçirilən foruma isə 90 ölkədən 3000 iştirakçı qatılacaq. Tədbirdə 150 ölkədən yüksək səlahiyyətli şəxslər - prezidentlər, nazirlər, səfirlər və s., həmçinin 50 ölkədən jurnalistlər də iştirak edəcəklər



© dilmanc.az