"Dilmanc" tərcümə sisteminin ingilis-azərbaycan istiqaməti üzrə tərcümə edən versiyasının təqdimatı keçirildi

     6 Dekabr 2007-ci il tarixdə Bakı Əyləncə Mərkəzində Rabitə işçilərinin peşə bayramı günü münasibətilə təşkil edilmiş tədbirdə "Dilmanc" tərcümə sisteminin İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə həyata keçirən versiyasının təqdimatı keçirildi.
     Layihə rəhbəri Əbülfət Fətullayev görülmüş işlərdən və yeni naliyyətlərdən danışdıqdan sonra Dilmanc tərcümə sisteminin yeni imkanları tədbir iştirakçılarına nümayiş etdirildi.
     Əvvəlcə ingilis dilli saytdan götürülmüş mətn, sonra isə mikrofonla deyilmiş mətn Dilmanc MT sistemi vasitəsilə Azərbaycan dilinə tərcümə edildi. Hər iki hal gurultulu alqışlarla qarşılandı. Tədbirin sonunda isə iştirakçılar zalda qoyulmuş kompüterlərdə Dilmanc MT sistemi ilə daha yaxından tanış oldular.
     Qeyd edək ki, Dilmanc tərcümə sisteminin yaradılmasına rəsmi olaraq 2005-ci ildən başlanmışdır. Bu vaxt ərzində Dilmanc tərcümə sisteminin 3 istiqamət (Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan) üzrə tərcümə edən versiyası hazırlanmışdır. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi vardır. Bu söz bazalarından əlavə maliyyə-iqtisadi və İKT terminləri lüğətlərinin maşın tərcüməsi sistemində istifadə edilə bilən variantlarının ilk versiyaları da yaradılmışdır.
     Sistemin yuxarıda sadalanan imkanlarını özündə saxlayan versiya 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı ərəfəsində saytımıza qoyulacaq və istifadəçilər Dilmanc MT sisteminin son variantından istifadə etmək imkanı qazanacaqlar.




© dilmanc.az