Xəbərlər

Prezidentin sərəncamı ilə Dilmanc layihəsinin direktoru Ə.Fətullayevə "əməkdar mühəndis" fəxri adı verilmişdir



Azərbaycan prezidenti İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Mühəndis” fəxri adı verilib:

»   http://www.president.az/articles/3713



Dilmanc layihəsinin təqdim etdiyi mini kompyuter “BakuTel-2011” sərgisində böyük maraqla qarşılanmışdır

Dilmanc layihəsinin təqdim etdiyi kor və görmə məhdudiyyəti olan insanlar üçün mini kompyuter “BakuTel-2011” sərgisində böyük maraqla qarşılanmışdır.

Sərginin açılış mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etmişdir.  Dövlət başçısı və xanımı açılış zamanı sərgi iştirakçısı olan təşkilatların və şirkətlərin stendləri ilə yaxından tanış olmuşdur. Onlar həmçinin Dilmanc layihəsi və “Neyro Tex” MMC tərəfindən hazırlanmış kor və görmə məhdudiyyəti olan insanlar üçün mini kompyuterlə də tanış olmuşlar . Qonaqlar arasında Beynəlxalq Telekommunikasiya İttifaqının sədri Həmadun Ture və bir çox xarici dövlət rəsmiləri də olmuşlar . Bu qurğu hal - hazırda sərginin ən maraqlı eksponatlarından biri hesab olunur.

Dilmanc səslə idarə edilən mini kompyuteri Cenevrədə keçirilən ITU Telecom World - 2011 sərgisində böyük maraqla qarşılanmışdır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Neyrotex şirkəti tərəfindən hazırlanmış korlar üçün mini kompyuter və Dilmanc kompyuteri səslə idarəetmə sistemi ITU Telecom World 2011 sərgisində təqdim edilmiş və böyük marağa səbəb olmuşdur. Bu kompyuter sərgidə ən yaxşı eksponatlardan biri hesab olunmuşdur. ITU Telecom World 2011 sərgisi iki ildən bir keçirilir və dünyada bu sahədə ən böyük sərgilərdən biridir. Azərbaycan bu sərgidə böyük bir pavilyonla təmsil olunur. Sərgidə Azərbaycandan çoxlu şirkətlər iştirak edir.



Dilmanc səslə idarə edilən mini kompyuteri Moskvada keçirilən "Svyaz Ekspokomm-2011" sərgisində uğurla təqdim olunmuşdur


Azərbaycan stendi ilə tanış olan qonaqlar arasında dünyanın bir sıra nüfuzlu şirkətlərinin nümayəndələri olmuşdur. Həmçinin Rusiya Federasiyasının rabitə naziri İ.O.Şeqolev şəxsən Azərbaycan stendində olmuşdur. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov mini kompüteri şəxsən qonaqlara təqdim etmişdir. Qurğunun həmçinin görmə qüsuru olan insanlara adi istifadəçilər kimi imkanlar yaratması qonaqların böyük marağına səbəb olmuşdur.

Qeyd edək ki, bu qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Mini kompüter səsli əmrlər vasitəsilə, online rejimdə son xəbərlərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.


Azərbaycanda ilk səslə idarə edilən mini kompyuterlər hazırlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın NeyroTex şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin sınaq nümunələri hazırlanıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü ərəfəsində ictimaiyyətə təqdim olunan yeni mini kompyuteri yaratmaqda məqsəd kor və görmə qabiliyyəti zəif olan insanlara informasiya və kommunikasiya texnologiyalarından bərabər hüquqlu istifadəni təmin etməkdir. Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.

Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub. Gələcəkdə nitqin kompyuter vasitəsi ilə rus və ingilis dilinə tərcüməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev Dilmanc kompyuteri idarəetmə sistemi ilə tanış olmuşdur

Noyabrın 23-də Bakı Sərgi Mərkəzində "BakuTel-2010" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, XVI sərgidə dünyanın 15 ölkəsindən 115 şirkət iştirak edir. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutur. Builki sərginin sahəsi ötənilki sərginin sahəsindən təxminən 30 faiz çoxdur. Sərginin daimi iştirakçılarının sayının 70 faizdən çox olması bu tədbirə marağın ilbəil artmasının göstəricisidir.

Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar olaraq builki sərgi "İKT və qlobal iqlim dəyişikliyi" devizi altında keçirilir.

Qeyd olundu ki, sərgi çərçivəsində konfrans, forum, seminar və təqdimatlar keçirilir. Builki sərgini fərqləndirən mühüm cəhətlərdən biri təqdim olunan yeni məhsul və xidmətlərin sayı ilə bağlıdır. Bununla əlaqədar ən yeni xarici və yerli informasiya avadanlığı, texnologiya və həll variantları nümunələri ilə tanış olmağa imkan verən "İnnovasiyalar ərazisi" layihəsi həyata keçirilir. Sərgidə proqram təminatı, naviqasiya sistemləri, simsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıq, digər yüksək texnologiyalı məhsullar nümayiş etdirilir.

Prezident İlham Əliyevə əvvəlcə "Aztelekom" və "Bakı Teleradio" İstehsalat birliklərinin pavilyonları təqdim olundu.

Dilmanc layihəsi "BakuTel 2010" Beynəlxalq sərgisində iştirak edir

Noyabrın 23-dən 26-dək "Bakı Ekspo" sərgi və toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən böyük ixtisaslaşmış tədbir olan "BakuTel-2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.

Sərgidə Dilmanc layihəsi çərçivəsində hazırlanmış aşağıdakı texnologiyalar nümayiş etdiriləcək:

1. Görmə qüsuru olan insanlar ucun kompyuteri idarəetmə sistemi.
Kompyuteri səslə idarəetmək sisteminin üstün cəhətlərindən biri də, onun əlil insanlara (görmə qabiliyyəti zəif, əldən əlil olan şəxslərə və s.) kompyuterdən istifadə imkanı yaratmasıdır. Bu proqram vasitəsilə on-line rejimində son xəbərləri dinləmək, elektron poçtla işləmək, mətnləri səsləndirmək və s. mümkün olacaqdır.

Proqramın imkanları:
* Elektron poçtun yoxlanılması
* Yeni məktubun yazılması
* Yeni gələn məktubların oxunması
* Elektron kitabların səsləndirilməsi
* Sənədlərin hazırlanması
* İstifadəçinin səsinə kökləmə
* On-line rejimində xəbər saytlarından son xəbərlərin oxunması

2. translate.az - avtomatik tərcümə portalı.

Dilmanc layihəsi çərçivəsində "Azərbaycan dilinin tezlik lüğəti" hazırlanmışdır

Təqdim olunan tezlik lüğətinin tərtibi üçün Azərbaycan dilinin bütün üslubları təmsil olunmaqla təxminən 50 milyona yaxın söz-formadan ibarət mətnlər linqvostatistik təhlilə cəlb olunmuşdur. Elmi, bədii, publisist, rəsmi, məişət və s. Üslublara dair materialların elektron variantlarının mövcudluğu tədqiqatın hərtərəfli olmasına və statistik seçmə baxımından etibarlılığına imkan yaratmışdır. Lüğətdə 12000-ə yaxın söz kökü əhatə olunmuşdur.

Leksikanın statistik modeli kimi tezlik lüğətləri nəzəri və tətbiqi dilçiliyin, ümumi leksikologiyanın, dil tədrisinin bir çox problemlərinin həlli üçün əvəzsiz mənbədir.

Lüğət-minimumların, danışıq kitabçalarının hazırlanması, tədris materiallarının seçimi prosesində tezlik lüğətlərindən faydalanmaq olar.

Tezlik lüğətləri dilin sözəmələgətirmə tiplərinin, sözdəyişdirmə imkanlarının araşdırılması, orfoqrafiya və qrafikanın təkmilləşdirilməsi baxımından da böyük səmərə verə bilər.

Lüğətdən dil mütəxəssisləri, orta və ali məktəb müəllimləri, mətbuat işçiləri istifadə edə bilərlər.

Bu tezlik lüğəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən Dilmanc layihəsi çərçivəsində yaradılmışdır.





Azərbaycanca mətni insan səsi ilə oxuyan proqram yaradılmışdır

Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Sayta daxil olmaqla (http://dilmanc.az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür. Bu proqram vasitəsilə istifadəçilər məktublara, xəbərlərə, kitablara və digər informasiyaya gözləri yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər. Gələcəkdə bu proqram mətnin oxunuşunu həmçinin mp3 formatında yadda saxlamağa imkan verəcək ki, bununla da lazımlı informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda qulaq asmaq mümkün olacaq. Qeyd edək ki, nümayiş etdirilən proqram ilk versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir.

Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, bu proqram Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq telefon-tərcüməçi sisteminin komponentlərindən biridir. Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq. Layihə çərçivəsində həmçinin Dilmanc tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir.

Dilmanc layihəsi CeBIT 2010 Sərgisində nümayiş etdirilmişdir

2-6 mart tarixlərində Almaniyanın Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları "CeBIT" beynəlxalq sərgisi keçirilmişdir. Sözügedən sərgidə milli stenddə Dilmanc layihəsi çərçivəsində yaradılmış yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirən telefon tərcüməçi nümayiş etdirilmişdir.

CeBIT 2010 sərgisinin əsas mövzusu Connected Worlds - "Birləşdirilən dünyalar" şüarı ilə ifadə olunub. Sözügedən mövzu beynəlxalq bazarların "həyat", "biznes" və "gələcək" kimi amillərdə nə dərəcədə qarşılıqlı əlaqədə olduğunu ifadə edir. Təşkilatçılar müvafiq texnologiyaların inteqrasiyasına və qlobal informasiya sistemlərinin nümunələri göstərmişlər.

Qeyd edək ki, sərgidə 68 ölkədən dünya bazarında aparıcı mövqe tutan 4157 şirkət iştirak etmişdir. İştirakçılar arasında Microsoft, IBM, SAP, Intel, Kaspersky, ESET, Ahead və s. kimi dünyada İT sahəsində aparcı mövqe tutan şirkətlər də olmuşdur. Tədbirdə bir çox ölkələrdən yüksək səlahiyyətli şəxslər - nazirlər, səfirlər və s., həmçinin bir çox ölkələrdən jurnalistlər də iştirak etmişlər.

RSS-material

© dilmanc.az