Xəbərlər

Bakutel 2013 sərgisində Dilmanc layihəsi yeni mobil telefon tərcüməsini nümayiş etdirir

Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilərsiniz. Proqrama tərcümə nəticəsində alınmış mətnin səsləndirilməsi imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. də göstərilir. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səslənir. Dilmanc mobil tərcüməçi Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində azərbaycanlı mütəxəssislər tərəfindən yaradılmışdır.

Girişdə yerləşən innovativ məhsullar və həllər stendinə yaxınlaşaraq dilmanc mobil tərcüməçi proqramını telefonunuza yükləyə bilərsiniz.

Dilmanc İmla sisteminin yeni versiyası istifadəyə verildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni İnternet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.

Nazirliyin dəstəklədiyi Dilmanc layihəsi çərçivəsində şifahi nitqi mətnə çevirən Dilmanc İmla sisteminin yeni versiyası yaradılmışdır. Həmin sistemin yeni versiyasını layihənin www.dilmanc.az səhifəsindən öz kompüterinizə yükləyə bilərsiniz (dilmanc.az/dilmanc-imla). Əvvəlki versiyadan fərqli olaraq bu versiyada istənilən redaktorda (məs. Microsoft Word, Notepad və s.) işləmək imkanı yaradılmışdır. Bundan əlavə kursoru istənilən mətn pəncərəsinə (məsələn, brauzerin axtarış kriteriyası yazılan pəncərəsi, elektron cədvəllərin xanası və s.) qoymaqla mətn daxil etmək mümkündür.

Dilmanc layihəsi Azərbaycan dili üçün yeni texnologiyaların yaradılması istiqamətində işləri davam etdirir.

yüklə


Mətnin səsləndirilməsi sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına inteqrasiya edildi


Dilmanc mətnin səsləndirilməsi sistemi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına (www.mincom.gov.az) inteqrasiya edilmişdir. Artıq bu saytın bölmələrində hər bir mətninin altında yerləşdirilmiş "Səsləndir" düyməsini basmaqla həmin mətni dinləmək mümkündür. Bundan əlavə, istifadəçilərə dinlədikləri mətnləri mp3 formatında öz kompüterlərinə endirmək imkanı da yaradılmışdır.

Azərbaycan dilində nitqin tanınması sistemi istifadəyə verildi

Azərbaycan dilində şifahi nitqi mətnə çevirən Dilmanc nitqin tanınması sistemi istifadəyə verildi. Sistemin köməyilə kompüterə mətn daxil edərkən klaviaturada yığmaq əvəzinə mikrofona şifahi demək kifayətdir. Dilmanc nitqin tanınması sistemi avtomatik olaraq şifahi nitqi mətnə çevirir. Bu proqram istifadəçilərə daha təbii yol təklif etməklə yanaşı, klaviaturada yığmağa nisbətən bir neçə dəfə daha sürətli mətn daxil etməyə imkan verir.

Dilmanc layihəsinin direktoru t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, Azərbaycan dilində nitqin tanınması sisteminin yaradılmasına 2007-ci ildən Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində başlanılmışdır. Bu müddətdə Azərbaycan dilinin fonem tərkibi bir daha tədqiq edilmiş, sözlərin tələffüz qaydaları araşdırılaraq tələffüz bazası yaradılmışdır. Nitq bazasının yaradılması üçün 2500 nəfərdən çox müxtəlif yaş kateqoriyasından insanların səsləri yazılmışdır. Bu informasiyalardan istifadə etməklə Azərbaycan dilində nitqin tanınması alqoritmləri işlənib hazırlanmışdır.

Dilmanc nitqin tanınması sistemini pulsuz onlayn servis kimi aşağıdakı ünvanda istifadə etmək mümkündür

http://dilmanc.az/asr

Dilmanc mətnin səsləndirilməsi sistemi qaynar.info xəbər portalına inteqrasiya edildi


Populyar xəbər portalı qaynar.info Dilmanc mətnin səsləndirilməsi sistemini öz saytına inteqrasiya etmişdir. Azərbaycan internet mediasında ilk dəfə bu saytda hər bir xəbərin başlığının altında "Səsləndir" düyməsinə basmaqla həmin xəbərin səslənməsinə qulaq asmaq mümkündür. Bundan əlavə, istifadəçilərə səslənmə faylını mp3 formatında kompüterə endirmək imkanı da yaradılmışdır.

Daha ətraflı:
http://qaynar.info/xeber-yenlk-butun-xbrlr-hm-d-ssli-t8072.html

28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik!

Dilmanc kollektivi bütün soydaşlarımızı 28 May Respublika Günü münasibəti ilə təbrik edir, xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.

Dilmanc layihəsi Tibo-2013 sərgisində bir çox yeniliklər təqdim etmişdir

Dilmanc layihəsi aprelin 23-26-da Minskdə (Belarus) keçirilən TİBO-2013 telekommunikasiya və informasiya sərgi-konqresində iştirak edir. Dilmanc layihəsi Tibo 2013 sərgisində də bir çox yenilikləri təqdim edir. Sərgidə 15 dünya ölkəsinin 300-dən çox şirkətinin məhsulları nümayiş olunur. İştirakçılar informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətləri üzrə innovasiya həllərini təqdim edirlər. Sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir. Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin isini asanlaşdırır. Hal-hazırda sistem 1 milyona yaxın söz-forma tanıya bilir və tanıma keyfiyyəti 92%-dən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

Mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilmişdir


Mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilmişdir. Belə ki, bu versiyada intonasiya ilə bağlı bəzi problemlər həll olunmuş, sual və nəqli cümlələrin intonasiyası və səs tonu təkmilləşdirilmiş, durğu işarələri və pauza kimi problemlər qismən həll olunmuşdur.

Qeyd edək ki, Dilmanc mətnin səsləndirilməsi sisteminin daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir.

Dilmanc mətnin səsləndirilməsi sistemindən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar:
http://tts.dilmanc.az

«Dilmanc» türk dilləri arasında ilk maşın tərcümə sistemidir

«Rus dilindən Azərbaycan dilinə statistik maşın tərcümə sistemi düzəltmişik»

Əbülfət Fətullayev: «Translate.az saytına daxil olub rus dilində mətni qoymaqla bu prosesdən istifadə etmək mümkündür»

Son dövrlər Azərbaycanda internet sürətlə inkişaf edir. Bu sektorun ölkənin qabaqcıl sahəsinə çevrilməsi hökumətin də prioritet məsələləri sırasındadır. İnternet geniş şəbəkəyə malik olduğundan burada tərcümə proqramlarını da həyata keçirmək mümkündür. Azərbaycanda internet resurslarındakı məlumatların xarici dilllərdən ana dilinə tərcümə məsələsi tədricən də olsa öz həllini tapmaq üzrədir. Tərcümə proqramları və ümumiyyətlə internetin ölkəmizdə inkişafı barədə geniş məlumat almaq üçün «Dilmanc» layihəsinin direktoru Əbülfət Fətullayevə müraciət etdik.

Öncə o, tərcümə proqramının təkmilləşdirilməsi istiqamətində hansı addımların atıldığına aydınlıq gətirdi.

- Azərbaycan dilində tətbiqi linqvistik texnologiyaların tətbiqinə 2003-cü ildən başlanılıb. Onda biz ilk dəfə olaraq Azərbaycan dilindən ingilis dilinə ilk maşın tərcüməsi düzəltdik. Bu türk dilləri arasında ilk və yeganə maşın tərcümə vasitəsi idi. Maşın tərcümə sistemi yaratmaq üçün ilk texnologiya yaratdıq ki, ondan istənilən sistemdə tətbiq oluna bilər. Məsələn, maşın tərcüməsi metodu üçün patent almışıq.

RSS-material

© dilmanc.az