Xəbərlər

Dilmanc layihəsi "ITU Telecom World 2014" Beynəlxalq sərgisində iştirak edir

Qətərin paytaxtı Doha şəhərində keçirilən "ITU Telecom World 2014" beynəlxalq sərgisində Dilmanc özünün ən yeni proqram təminatını - "Dilmanc çağırı mərkəzi"ni (Dilmanc call centre) nümayiş etdirir. Bu sistem Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Bu sistemin tətbiq edilməsi mövcud çağırı mərkəzlərinin məsrəflərini bir neçə dəfə azaltmağa imkan verir.

Bundan başqa layihə çərçivəsində hazırlanmış digər sistemlər - nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar arasındadır.





Dilmanc layihəsi "BakuTel 2014" Beynəlxalq sərgisində iştirak edir

Bu ilki BakuTel-2014 sərgisində Dilmanc özünün ən yeni proqram təminatını - "Dilmanc çağırı mərkəzi"ni (Dilmanc call centre) nümayiş etdirir. Bu sistem Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Bu sistemin tətbiq edilməsi mövcud çağırı mərkəzlərinin məsrəflərini bir neçə dəfə azaltmağa imkan verir.

Bundan başqa layihə çərçivəsində hazırlanmış digər sistemlər - nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar arasındadır.

Android üçün Dilmanc Tərcüməçinin köçürülmə sayı 100 mini keçdi



Android əsasında işləyən mobil qurğularda şifahi danışığı Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən Dilmanc Translator proqramı istifadəyə verildiyi 10 ay ərzində 100 min dəfədən artıq köçürüldü. Rabitə və Yüksək Texnlogiyalar Nazirliyi tərəfindən dəstəklənən Dilmanc Translator Azərbaycan, Türk, Rus və İngilis dilləri arasında şifahi nitqi və mətni tərcümə edib səsləndirir, tək söz daxil edildikdə isə onun lüğətdəki digər tərcümələrini də göstərir. Hal-hazırda proqramın iOS platforması üçün versiyasının hazırlanması üçün işlər gedir.

Bununla yanaşı proqramın Azərbaycan-İngilis və Türk-İngilis istiqamətləri üzrə tərcümə keyfiyyəti artırılmış, desktop kompüterlərin istifadəçiləri üçün isə Google Chrome və Mozilla Firefox proqramlarına əlavə olunan plug-in istifadəyə verilmişdir. Plug-in quraşdırıldıqdan sonra istənilən saytda mətni seçərək uyğun düyməni basdıqda həmin mətn avtomatik tərcümə olunur.

Dilmanc tərcümə plugini istifadəyə verildi

Dilmanc Azərbaycan, türk, ingilis və rus dilləri arasında tərcümə etməyə imkan verən Plugin (əsas proqrama qoşularaq istifadəçiyə əlavə imkan yaradan proqram modulu) istifadəyə vermişdir. Bu plugin-i düymə şəklində İnternet brauzerinizə (Google Chrome, Mozilla Firefox) əlavə edərək Dilmancın təqdim etdiyi tərcümə imkanlarından yararlana bilərsiniz. “Dilmanc plugin”in üstünlüyü ondadır ki, tərcümə etmək istədiyiniz mətni kopyalayaraq Dilmancın səhifəsinə girməyə, kopyalanmış mətni lazımı pəncərəyə qoymağa ehtiyac qalmır. Siz istənilən səhifədə hər hansı mətni seçərək (qaralayaraq) “Dilmanc plugin” düyməsini basa bilərsiniz. “Dilmanc plugin” sizin əvəzinizdən bütün prosesi icra edəcək.

Dilmanc plugini Google Chrome brauzerinə yükləmək üçün:

https://chrome.google.com/webstore/search/dilmanc

Dilmanc plugini Mozilla Firefox brauzerinə yükləmək üçün:

https://addons.mozilla.org/en-US/firefox/addon/dilmanc-translate-plugin/?src=search

dilmanc.az tərcümə portalının mobil versiyası istifadəyə verilmişdir

dilmanc.az tərcümə portalının mobil versiyası istifadəyə verildi. Mobil telefon və planşetlərdən dilmanc.az saytına daxil olarkən saytın kiçik ekran və toxunma interfeysi üçün optimallaşdırılmış versiyası açılır. dilmanc.az saytının mobil versiyasında da mətnləri Azərbaycan, İngilis, Rus və Türk dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər imkanlar əlavə edilmişdir.
Qeyd edək ki, Android əsasında işləyən qurğuların istifadəçilərinə Dilmanc Translator proqramını yükləyərək istifadə etmək məsləhət görülür. Bu proqramda mətnlərlə yanaşı, şifahi nitqi tərcümə etmək və səsləndirmək imkanı da var. Proqramın digər mobil platformalar üçün də hazırlanması üzərində işlər gedir.

Dilmanc artıq türk dilinə də tərcümə edir

Rabitə və yüksək texnologiyalar nazirliyinin dəstəklədiyi Dilmanc tərcümə sisteminə türk dili dəstəyi əlavə olundu. Artıq http://dilmanc.az saytında Azərbaycan, İngilis və Rus dillərindən Türk dilinə və əksinə tərcümə etmək mümkündür.
Dilmanc layihəsindən verilən məlumata görə, Azərbaycanlı mütəxəssislər tərəfindən yaradılan və inkişaf etdirilən Dilmanc tərcümə saytı və mobil qurğular üçün şifahi danışığı tərcümə edən Dilmanc mobil tərcüməçi türkiyəli istifadəçilər arasında da populyarlıq qazanmışdı. Bunu nəzərə alaraq Türk dilinin də sistemə əlavə olunması qərara alındı. Layihə çərçivəsində yaradılmış dil texnologiyaları digər türk dillərinə tətbiq oluna bilməklə yanaşı, türk dilləri arasında da yüksək keyfiyyətli tərcümə sistemləri yaradılmasına imkan verir. Buna nümunə olaraq Türk və Azərbaycan dilləri arasında tərcümə imkanı sistemə əlavə edilmişdir.
Eyni zamanda mobil telefonlarda şifahi nitqi tərcümə edən Dilmanc Translator proqramı da yenilənmişdir. Bu proqramı pulsuz olaraq Google Play Store-dan yükləyib işlətmək mümkündür. Proqramın iOS platforması üçün versiyasının yaradılması üzərində işlər gedir.

Mobil telefonlarda şifahi nitqi tərcümə edən Dilmanc tərcümə proqramının dəqiqliyi artırıldı


Mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən "Dilmanc Translator" tərcümə proqramının yeni versiyası istifadəyə verildi. Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.

Qeyd edək ki, "Dilmanc Translator" proqramı Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəstəklədiyi Dilmanc layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülmüşdür. Proqram hələlik yalnız Android platformasında işləyir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər. Layihə rəhbəri Əbülfət Fətullayev proqramın iOS və Windows Phone üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlər getdiyini bildirib.

Dilmanc tərcüməçinin yeni versiyası istifadəyə verildi


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 9 aprel 2013-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan dili üçün yeni İnternet texnologiyalarının yaradılması istiqamətində işləri dəstəkləməkdə davam edir.

Bu işlərin tərkib hissəsi kimi, Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verildi. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır:

Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.
Lüğət. Tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq. "Nümunələr" düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək.
Mətnin səsləndirilməsi. Tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, "Səsləndir" düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərsiniz.

Dilmanc mobil telefonlarda!

Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verildi. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin Dilmanc layihəsi çərçivəsində yaradılmış Dilmanc mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da "Dilmanc Translator" axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər. Layihə rəhbəri Əbülfət Fətullayev gələcəkdə proqramın digər mobil platformalar üçün də hazırlanacağını qeyd edib. Bundan əlavə, layihədə böyük mətnləri Azərbaycan dilindən Rus və İngilis dillərinə və əksinə əvvəlkindən daha yüksək keyfiyyətlə tərcümə edən internet saytının yaradılması üzərində işlər getdiyini bildirib.

Dilmancın tətbiqi genişlənir

Bu günlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilən Dilmanc layihəsi çərçivəsində hazırlanmış mətnin səsləndirilməsi sistemi Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmişdir. Artıq Elektron Hökumət portalında bu sistem vasitəsilə istənilən mətni səsləndirərək qulaq asmaq mümkündür.
Bundan əlavə, istifadəçilərə səslənmə faylını mp3 formatında kompüterə endirmək imkanı da yaradılmışdır.
Xatırladaq ki, Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyalar hazırlanır. Bu sahədə tədqiqatlar davam etdirilir.

RSS-material

© dilmanc.az