Mətbuatda Dilmanc haqqında

Azərbaycan dilində mətnlərin səsləndirilməsi indi mümkündür

BBCAzəri

Artıq Azərbaycan dilində mətnlərin səsləndirilməsi mümkündür. Səsləndirmə proqramı yerli Dilmanc tərcümə layihəsinin bir hissəsidir. Bunun üçün Dilmanc layihəsinin rəsmi saytına girərək səsləndirmə proqramına istənilən mətni daxil etmək və səsli oxunuşunu dinləmək lazımdır.
http://dilmanc.az saytında olan məlumata görə, bu proqram vasitəsilə istifadəçilər məktub, xəbər və kitablara göz yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər.

Hazırda proqrama yalnız 200 simvol daxil etmək olur və "səsləndir" əmrini klikləyəndə mətn bir neçə saniyə sonra eşidilir.
Yerli internet mütəxəssisləri bu "körpə" proqramın yaradılmasını dəstəkləsələr də, tənqidlərini də əsirgəməyiblər.

"Bəzi xarici səsləndirmələrə Azərbaycan sözlərini də daxil edəndə oxudur. Ancaq sözlər əcnəbi ləhcədə danışıq effektini verir. Dilmancın proqramında isə mətni səsləndirən «səs»in ləhcəsi də elə Azərbaycan dilindədir. Buna görə üstünlüyü var."- deyə Şaiq Muradov bildirir.
O həmçinin deyir ki, "Hələki proqram təkmilləşdirmə mərhələsindədir. Ancaq proqram tam işləsə və API-lərini (APİ-application programming interface- proqramlaşdırma interfeysı) açsalar, xəbər saytları və bloglarda - qısaca mətn olan hər bir saytda bundan istifadə etmək mümkün olar.

Sayta mətnləri səsləndirmə funksiyası əlavə edilər və istifadəçilər həm oxucu, həm də dinləyici ola bilərlər."

İKT texnologiyaları və yeni növ xidmətlərin tətbiqi sürətlənir

Paritet - İctimai-siyasi qəzet
"Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk nitqin tanınması sistemi istifadəyə veriləcək.

Ölkənin davamlı iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları da əhəmiyyətli hesab olunur. Müasir dövrdə ölkəmizdə davamlı inkişafı siyasətinin prioritet istiqamətlərindən olan İKT bütün sosial-iqtisadi sahələrə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə və iqtisadiyyatın aparıcı sektorlarından birinə çevrilib.

Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

İnformasiya və Kommunikasiya Texnologiyaları portalı

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır. Sistemin ilkin versiyası bu ilin sonuna kimi ümumi istifadə üçün təqdim olunacaqdır. Hazırda layihə üzərində son tamamlama işləri aparılır.

"Dilmanc" layihəsinin əməkdaşları Azərbaycan Televiziyasının "Səhər" verilişində çıxış etmişlər

Azərbaycan Televiziyası

Noyabrın 24-ü Dilmanc layihəsinin əməkdaşları Rauf Fətullayev və Samir Şaqavatov Azərbaycan Dövlət Televiziyasının "Səhər" proqramında müsahibə vermişlər. R.Fətullayev Stokholm şəhərində keçirilmiş konfransdakı iştirakından, Dilmancın artıq Avropa və dünya alimləri arasında tanınmasından söhbət açmışdır. Bundan başqa, Dilmanc tərcümə sisteminin 2.5 versiyasında olan yeniliklərdən, Azərbaycanda ilk dəfə Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün nitqin tanınması sisteminin hazırlanması haqqında isə S.Şaqavatov məlumat vermişdir.

Mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb

ANS PRESS
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.

Bu sistem mətnləri Azərbaycan-ingilis, ingilis-Azərbaycan, türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi var. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb, proqramın söz bazası zənginləşdirilib, proqramın iş sürəti də artırılıb. Həmçinin proqramın interfeysini Azərbaycan, ingilis və türk dillərinə dəyişmək imkanı, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə edilib.

«Dilmanc» maşin tərcümə sisteminin yeni 2.5 versiyası artıq www.dilmanc.az saytında yerləşdirilib. Saytdan «Dilmanc» tərcümə sisteminin beta-versiyasını kompyuterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir. /ANS PRESS/

Dilmancın yeni versiyasının hazırlanması barədə Azərbaycan Televiziyasının "Xəbərlər" proqramında

Azərbaycan Televiziyası

16 avqust 2008-ci il tarixdə Azərbaycan televiziyasının “Xəbərlər” proqramında Dilmanc MT sisteminin 2008-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan yeni versiyası haqqında məlumat verilmişdir.
"Dilmanc" layihəsi çərçivəsində maşın tərcüməsi, nitqin tanınması, mətnin səsləndirilməsi və digər sahələrdə aparılmış və aparılmaqda olan tədqiqatlar və gələcək planlar haqqında söhbət açılmışdır.

Hamının işi asanlaşacaq

TV plyus jurnalı

Bu gün internet gündəlik həyatımıza daxil olub. İnternetdən istənilən mövzuda informasiya əldə etmək mümkündür. Ancaq İnternetdəki informasiyaların böyük hissəsi ingilis dilində olduğundan, bu dili bilməyən istifadəçilər İnternetdən informasiya əldə etməkdə çətinlik çəkirlər. Həmin informasiyadan istifadə etmək üçün müəyyən proqram təminatına ehtiyac duyulur. Belə proqram təminatından biri də maşın tərcümə (MT) sistemləridir.

«Dilmanc» avtomatik tərcümə proqramının yeni variantı hazırlanır

APA-ECONOMICS

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi «Azərbaycan nitqinin tanınması və maşın tərcümə sisteminin təkmilləşdirilməsi Layihəsi»nin təhqiqat qrupu «Dilmanc» avtomatik tərcümə proqramının növbəti variantını təqdim etməyi planlaşdırır.
Layihənin rəhbəri Əbülfət Fətullayevin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, qrupun mütəxəssisləri «Dilmanc» bazasına 250 minə yaxın söz və söz birləşməsi daxil ediblər. Vaxtaşırı yenilənən «Dilmanc»ın növbəti variantını artıq 2008-ci ilin sonunda saytdan yükləmək mümkün olacaq.
«Dilmanc» saytının hesablamalarına görə, bu günə proqramdan istifadə edənlərin sayı təxminən 122 minə çatıb. Proqramı http://dilmanc.az ünvanından pulsuz yükləmək mümkündür.

Azərbaycanda ilk elektron əks əlifba lüğəti hazırlanıb

APA-ECONOMICS
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının Bakı ofisinin «Dilmanc» maşın tərcüməsi sisteminin yaradılması ilə bağlı birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni, son variantı əsasında ilk elektron əks əlifba lüğəti hazırlanıb.

Layihədən «APA-ECONOMICS»ə verilən məlumata görə, adi lüğətlərdən fərqli olaraq, əks lüğətlərdə sözlər başlanğıcdan sona doğru deyil, sondan başlanğıca doğru əlifba sırası ilə düzülür. Adi lüğətlərdə eyni başlanğıca, əks lüğətlərdə isə eyni sonluğa malik sözlər eyni qrupda yerləşir. Əks lüğətlərdən avtomatik tərcümə alqoritmlərinin qurulmasında, təhlil və sintez alqoritmlərində istifadə olunur. Təhlil üsullarından biri söz-formalardan şəkilçiləri ayırdıqdan sonra qalan hissənin avtomatik lüğətdə axtarılmasından ibarətdir. Bu prosesdə şəkilçilərin və söz formaların sonunun omonimliyi ilə əlaqədar bir çox yanlış ayırmalara yol verilə bilər. Əks lüğətlər tədqiqatçıya belə halları nəzərə alaraq asanlıqla aradan qaldırmağa kömək edir.

Layihə direktoru t.e.n. Ə.Fətullayev Azərbaycan Televiziyasının “Səhər” verilişində çıxış etmişdir

8 aprel 2008-ci il tarixdə "Dilmanc" layihəsinin direktoru t.e.n. Ə.Fətullayev Azərbaycan Televiziyasının “Səhər” verilişində çıxış etmişdir. Müsahibədə layihə direktoru saytımızda yeni yerləşdirilmiş Əks əlifba lüğəti, Dilmanc tərcümə sistemi üzərində görülən işlər və gələcək planlar haqqında danışmışdır.

RSS-material

© dilmanc.az