Dilmanc İmla - Kömək

1. "Dilmanc İmla" haqqında
2. Mikrofonun quraşdırılması
3. Proqramla iş
4. Keyfiyyətli nəticə almaq üçün tövsiyələr
5. Proqramla iş zamanı çıxan xəbərdarlıqlar

"Dilmanc İmla" haqqında

Dilmanc İmla proqramı klaviaturadan istifadə etmədən kompüterə mətn daxil etməyə imkan verir. Mətni mikrofona şifahi oxuduqda bu proqram nitqi mətnə çevirir, bu isə mətni klaviaturada yığmaqdan bir neçə dəfə sürətlidir. Sadəcə, proqramı işə salın, istədiyiniz mətn redaktoruna (məs. Microsoft Word, Notepad və s.) kursoru qoyun və mikrofona imla deməyə başlayın! Dilmanc İmla sizin əvəzinizə yazacaq.

Dilmanc İmla və ya Azərbaycan dili üçün nitqin tanınması sistemi Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyinin dəstəyilə Dilmanc layihəsi çərçivəsində azərbaycanlı mütəxəssislər tərəfindən yaradılmışdır. Proqram tamamilə ödənişsiz yayılır, dilmanc.az/dilmanc-imla səhifəsindən köçürülüb istifadə edilə bilər.

» Sistem haqqında daha ətraflı

Mikrofonun quraşdırılması

Mikrofonun vəziyyəti

Mikrofonun necə tutulması tanıma keyfiyyətinə təsir edir. Mikrofon ağıza yaxın tutulmalıdır. Bundan başqa mikrofon standarta uyğun formada yerləşdirilməlidir. Misal üçün, qulaqcıqlı mikrofon əldə tutula bilməz, mütləq başa keçirilməlidir. Noutbukların daxili mikrofonları ağızdan uzaq məsafədə yerləşdiyi üçün nitqin tanınması sistemi ilə istifadə edilə bilməz. Noutbukun daxili mikrofonundan istifadə etməməyiniz, kənar mikrofonlardan istifadə etməyiniz tövsiyə olunur.

Mikrofonun səsyazma səviyyəsi

Proqramdan istifadə edən zaman "Səs zəifdir" və ya "Səs gurdur" xəbərdarlıqları çıxırsa, tanıma keyfiyyəti aşağı olacaq. Açılan pəncərədə mikrofonun səsyazma səviyyəsini uyğun olaraq artırın və ya azaldın. "Mikrofonun tənzimlənməsi" linkinə daxil olaraq, əməliyyat sisteminin mikrofonun səsyazma səviyyəsini tənzimləyən pəncərəsini açmaq mümkündür. Əməliyyat Sistemində bir neçə mikrofon quraşdırılıbsa, istifadə etdiyiniz mikrofonu düzgün seçmək lazımdır.

Mikrofonun keyfiyyəti

Nitqin tanınması sisteminin keyfiyyətinə ən çox təsir göstərən amil sistemə daxil olan səsin keyfiyyətidir. Hal-hazırda istifadəçilərin əksəriyyətinin istifadə etdikləri ucuz qiymətli mikrofonlar kömür tipli mikrofonlardır. Nitqin tanınması sistemi ilə yüksək keyfiyyət almaq üçün kondensator tipli, küyü izolyasiya edən (noise-cancelling) və minimum 16 KHz audio yaza bilən mikrofonlar nəzərdə tutulur. Belə mikrofonlara misal olaraq Plantronics Audio 628, Sennheiser SC 230 göstərmək olar. Əgər tanıma zamanı "Mikrofon keyfiyyəti aşağıdır" xəbərdarlığı çıxarsa, mikrofonunuzun səsyazma keyfiyyətinin həddindən artıq az olmasını bildirir. Bu zaman aşağı keyfiyyətli tanıma qaçılmazdır. Qeyd edək ki, bu xəbərdarlığın çıxmaması heç də mikrofonunuzun yüksək keyfiyyətli olmasını bildirmir.

Proqramla iş

İlkin istifadə qaydası

Proqramı işə saldıqdan sonra kursoru mətn daxil etmək istədiyiniz proqramın pəncərəsinə qoyun (məs. Microsoft Word, Notepad və s.) və üzərində mikrofon şəkli olan düyməni basın. Düymənin rəngi dəyişərək qırmızıya keçir və imla rejimi aktivləşir. Bu zaman cümlələri aydın tələffüzlə deməyə başlayın. Cümləni bitirdikdə həmin kursor Danışıq zamanı 2 saniyə fasilə etdikdə dediyiniz hissə yazıya çevrilir və kursor olan pəncərəyə yazılır. Fasiləsiz, birnəfəsə maksimal danışıq müddəti 20 saniyədir. Bu müddətə çatdıqda avtomatik tanıma başlayır. Proqramdan istifadə etmədiyiniz müddətdə mikrofon işarəsi olan düyməni yenidən basaraq imla rejimini söndürün. Əks halda, ətrafdakı səs-küy mikrofona düşə və beləliklə mətnin içərisinə artıq sözlər yazıla bilər.

Cümləni dedikdə proqram nitqinizi müvəffəqiyyətlə tanısa nəticəni kursor olan pəncərəyə yazacaq. Əks halda "Yenidən daha aydın tələffüz edin" xəbərdarlığı çıxacaq. Bu xəbərdarlıq bir neçə dəfə təkrar olunarsa cümləni hissə-hissə deyin.

"Səs zəifdir" və ya "Səs gurdur" xəbərdarlıqları çıxırsa mikrofonun səsyazma səviyyəsini uyğun olaraq artırmaq və ya azaltmaq və yaxud danışıq tonunu dəyişmək lazımdır.

Gizlədilmiş rejimdə iş

Proqram pəncərəsi sizə mane olursa, onu gizlədərək proqramdan istifadə etməyə davam edə bilərsiniz. Bunun üçün "Gizlət" düyməsini basın. Bu zaman proqramın hələ də işlək vəziyyətdə olmasını bildirən işarə -- proqramın loqotipi ekranın aşağı sağ küncündə, saat göstərilən sahənin yanında görünür. Bu işarənin üzərində siçanın sağ düyməsini basmaqla "Başla" (imla rejimini yandırmaq), "Dayan" (imla rejimini söndürmək), "Seçimlər" və digər əmrləri istifadə edə bilərsiniz

Seçimlər pəncərəsi

Proqram pəncərəsində üzərində Dilmanc yazısı olan düyməni basmaqla açılan menyuda "Seçimlər" bəndini seçdikdə Seçimlər pəncərəsi açılır. Bu pəncərədə mikrofonun səsyazma səviyyəsini tənzimləmək, həmçinin mətn daxil etmə xüsusiyyətlərini dəyişmək mümkündür.

Əlavə imkanlar

"Dilmanc" düyməsini basdıqda açılan menyuda digər əmrlər aşağıdakılardır:
Başla/Dayan - İmla rejimini yandırmaq və ya söndürmək
Yenilə - Proqramın yeni versiyasının çıxıb-çıxmadığını yoxlamaq. Yeni versiya varsa, yükləmə səhifəsi açılır
Proqram haqqında - Proqram haqqında məlumat pəncərəsi
Çıxış - Proqramdan çıxmaq

Keyfiyyətli nəticə almaq üçün tövsiyələr

1. Mikrofonun quraşdırılması başlığındakı bütün təlimatlara əməl edin. Yuxarıda qeyd edilən tipli keyfiyyətli mikrofondan istifadə edin, mikrofonu düzgün yerləşdirin və səsyazma səviyyəsini düzgün tənzimləyin.
2. Əgər dediyiniz cümlə uzundursa və yaxşı tanınmırsa, onu hissə-hissə deyin.
3. Hal-hazırda proqram mətbuat yönümlü mətnləri daha yaxşı tanıyır. Digər tip mətnlərdə tanıma dəqiqliyi aşağı ola bilər.

Proqramla iş zamanı çıxan xəbərdarlıqlar

Tanıma zamanı "Səs çox zəifdir/gurdur" xəbərdarlığı

Əməliyyat sistemində mikrofonun səsyazma səviyyəsini uyğun olaraq artırmaq və ya azaltmaq lazımdır, həmçinin, Əməliyyat Sistemində bir neçə mikrofon varsa, istifadə etdiyiniz mikrofonu düzgün seçmək lazımdır. Daha ətraflı

Mikrofonu nə qədər tənzimləsəm də yenə eyni xəbərdarlıq çıxır

Bu cümləni buraxıb yeni cümləyə keçin və ya cümləni hissə-hissə deyin.

"Mikrofonun keyfiyyəti aşağıdır" xəbərdarlığı

İstifadə etdiyiniz mikrofonun yazdığı səs çox keyfiyyətsizdir. Bu zaman tanıma keyfiyyəti də aşağı olacaq. Daha ətraflı

"Serverə qoşulmaq mümkün olmadı" səhvi

Bu, sizin kompüterinizdə və ya şəbəkənizdə quraşdırılmış Firewall-la bağlı ola bilər. 54321 portu açıq olmalıdır.

"İnternet sürəti zəifdir" xəbərdarlığı

İnternet bağlantınızın sürəti səsi serverlərə göndərməyə kifayət etmir. Bu zaman tanıma çox zəif sürətlə işləyəcək və ya heç işləməyəcək. Bağlantı sürətinin ən azı 512 kb/s olması tövsiyə olunur.

Cümləni bitirməmiş tanıma başlayır

Cümləni deyərkən 2 saniyə fasilə verən kimi, tanıma başlayır. Tanıma qurtarmamış yeni cümlə demək olmaz. Bundan başqa, fasiləsiz olaraq maksimum 20 saniyəlik cümlə deyilə bilər. Uzun cümlələri hissə-hissə deyin.


© dilmanc.az