Milli axtarış sistemi ölkənin informasiya təhlükəsizliyinə xidmət edir

İnternet gündəlik həyatımıza və fəaliyyətimizə daha dərin daxil olduqca, texniki və proqram təminatı daha da təkmilləşdikcə, təəssüf ki, bu inkişafın mənfi təsirləri də özünü çox ciddi şəkildə göstərməkdədir. Bu, xüsusilə, insanın şəxsi həyatı və iş fəaliyyəti ilə bağlı informasiyanın onun özünün razılığı olmadan üçüncü şəxslərə ötürülməsi və istifadə olunması problemi ilə bağlı özünü daha qabarıq göstərir. Transkontinental internet axtarış və sosial şəbəkə sistemləri çox böyük həcmdə informasiyaya malik olduqlarından onların insanları “izləməsi” üçün geniş imkanlar yaranır. Ona görə də informasiya təhlükəsizliyinin təmin olunması hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi sayılır. Məsələn, qonşu Rusiyada oktyabr ayından başlayaraq dövlət idarələrində google, facebook, twitter və s. bunlar kimi proqramların istifadəsinə qadağa qoyulmuşdur. İnformasiya təhlükəsizliyinin təmin olunmasının ən yaxşı yolu ölkənin özünün zəruri olan proqram təminatı ilə təmin etməsidir – bu xüsusilə axtarış sistemlərinə və sosial şəbəkələrə aiddir. Artıq bəzi ölkələr bu istiqamətdə işlərə başlamışlar.
Hal-hazırda axtarış sistemləri arasında lider Google axtarış sistemidir. Bu sistemin unikal axtarış alqoritmi qısa zamanda sorğuya relevant informasiyanın tapılmasını təmin edir. Bundan başqa, məsələn, qonşu Rusiyada yaradılmış Yandex, Rambler, İranda istifadəyə verilmiş Yooz kimi axtarış sistemlərini qeyd etmək olar ki, bu axtarış sistemləri öz ölkələri ərazisində daha geniş istifadə olunur. Çində isə ən populyar axtarış sistemi bu ölkə mütəxəssisləri tərəfindən yaradılmış Baidu (Baydu – kimi oxunur) hesab edilir. Bu axtarış sistemi yaradıldıqdan sonra Google Çin bazarının əksər hissəsini itirmişdir. Bildiyiniz kimi Türkiyə də yerli axtarış sisteminin yaradılması üçün 100 milyon TL pul ayırmışdır və yaxın illərdə bu işin yerinə yetiriləcəyi şəksizdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən Dilmanc layihəsi çərçivəsində milli axtarış sisteminin yaradılması işlərinə start verilmişdir. Bu hansı zərurətdən qaynaqlanır? Milli axtarış sistemlərinin yaradılmasının zəruriliyinin bir neçə səbəbi vardır:
- milli təhlükəsizlik, informasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması həm yerli provayderlərin və həm də istifadəçinin imkanı xaricindədir, hər bir istifadəçinin (xüsusilə yüksək vəzifəli istifadəçilərin) İnternetdə iş, axtarış və digər statistik məlumatlarını izləmək imkanı olduğundan, belə məlumatların xüsusi xidmət orqanlarına ötürülməsi təhlükəsi var (bu yaxınlarda FBR Apple və Google-dan belə məlumatların əldə edilməsi prosesini asanlaşdırmağı tələb etmişdi),
- İzlənmənin qarşısının alınması. Axtarış sistemlərinin və onların digər xidmətlərinin (e-mail, xəritələr, sosial şəbəkələr və s.) bütün istifadəçilərinin nə ilə maraqlanması, axtarış sorğuları, yazışmaları, sənədləri, əlaqədə olduğu şəxslər və s. izlənilə bilər. Mobil qurğular vasitəsilə hətta GPS söndürülmüş halda da hərəkət trayektoriyası, lazım olarsa, gizli şəkildə mikrofonun açılması ilə danışığı, zəngləri və s. xarici serverlərə ötürülür (Bu yaxınlarda əksər hökumət başçılarının telefonlarının ABŞ xüsusi orqanları tərəfindən dinlənilməsi ciddi qalmaqal yaratmışdı).
- Milli dillərdə servis proqramlar yox dərəcəsindədir və ya onların keyfiyyəti çox aşağıdır. Ən populyar axtarış sistemləri olan Google, Baidu, Yandex və digər axtarış sistemləri bizim milli İnternet resurslarının indeksasiyasını o qədər də dərin yerinə yetirmir və bunun nəticəsi olaraq axtarış kriteriyasına relevant cavabların xeyli hissəsi əhatə edilmir, məsələn, Azərbaycan dilinin morfoloji zənginliyi nəzərə alınmır (bu xüsusilə “kiçik” dillər üçün özünü daha qabarıq göstərir). Belə bir axtarış sisteminin yaradılması həm də dilimizin qlobalaşma şəraitində inkişafına kömək edəcək,
- Trafik xərclərinə qənaət. Bütün ölkələrdə internet trafikinin böyük bir hissəsi axtarış sistemləri və onların təqdim etdiyi xidmətlərin payına düşür. Milli axtarış sisteminin yaradılması nəticəsində xarici trafik xərclərinə qənaət olunur, xarici dillərin sistemə əlavə edilməsi hesabına isə ölkəyə girən trafikdən əlavə gəlir əldə edilir.
- Ticarətin və elektron ticarətin artması. Uzun illərdir ki, istifadəçilər onlara lazım olan məhsul və xidmətləri internetdə axtarmağa üstünlük verirlər. Hal-hazırda şirkətlərin çox cüzi hissəsi haqqında internetdə məlumat var. İnkişaf etmiş ölkələrdə isə demək olar ki, bütün şirkətlər, onların məhsul və xidmətləri axtarış sistemlərinin kataloqunda yerləşdirilir. İstifadəçi hər hansı məhsul və ya xidməti axtardıqda olduğu yerə ən yaxın şirkətlər haqqında məlumatlar ona göstərilir. Bu həm ticarətin, həm də elektron ticarətin artmasına təkan verir.
Bu məsələlərin hər biri önəmli olsa da, onlardan ikisi – informasiya təhlükəsizliyi və reklam xüsusilə aktualdır.
2014-cü ildə təxmini qiymətləndirməyə görə Azərbaycanın yalnız yerli şirkətlərin əhatə etdiyi reklam bazarı 3-3,5 milyon manat olmuşdur, 2015-ci ildə bu bazarın iki dəfə artaraq 6-6,5 milyon manat olacağı gözlənilir (http://managers.az/ru/management/v-2014-godu-reklama-v-internete-mozhet-...). Əslində isə reklam bazarın real həcmi bu rəqəmlərdən bir neçə dəfə çoxdur. Təəssüf ki, bu bazarın böyük bir hissəsi adlarını qeyd etdiyimiz və ya qeyd etmədiyimiz İnternet nəhənglərinin əlindədir və əldə edilmiş gəlir heç bir vergi ödənilmədən ölkədən çıxarılır.
Bunun nəticəsində çox böyük həcmdə maliyyə itkisi baş verir, dolayısı ilə milli İT şirkətlərinin və mütəxəssislərinin gəlirlərinin azalmasına səbəb olur, dövlət büdcəsinə böyük miqdarda verginin ödənilmir. Məsələn, 2009-cu ildə Türkiyə hökuməti Google-a qarşı 47 milyon ABŞ dolları miqdarında vergidən yayınma barədə iddia qaldırmışdır (http://techcrunch.com/2009/11/03/turkish-government-claims-google-owes-e...
Qeyd etmək yerinə düşər ki, RYTN tərəfindən təklif olunmuş TASİM layihəsinin həyata keçirilməsi gələcəkdə Azərbaycanda milli axtarış sisteminin yaradılması və populyarlıq qazanması üçün vacib bir mərhələyə çevrilə bilər.
Milli axtarış sisteminin yaradılması həm milli təhlükəsizliyə, həm ölkəmizin İT sektorunun dünya miqyasında daha geniş avtoritet qazanmasına, həm rəqəmsal geriliyin aradan qaldırılmasına, Azərbaycanın informasiya alıcısından informasiya satıcısına çevrilməsinə imkan yaradacaq.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az