Dilmanc layihəsi Bakutel-2012 sərgisində bir çox yeniliklər təqdim etmişdir


Dilmanc layihəsi bu ilki Bakutel 2012 sərgisində də bir çox yeniliklər təqdim etmişdir. Sərgidə nümayiş etdirilən Azərbaycan dili üçün nitqin tanınması sistemi mətni kompüterə mikrofon vasitəsilə daxil etməyə imkan verir. Klaviaturada yığmaq əvəzinə, mətn mikrofona imla şəklində deyilir və sistem vasitəsilə avtomatik yazıya çevrilir. Bu proqram klaviaturada yığmağa nisbətən 3-4 dəfə sürətli mətn daxil etməyə imkan verməklə yanaşı, klaviatura ilə işləməkdə çətinlik çəkən insanların, həmçinin əlil və görmə qüsuru olan istifadəçilərin isini asanlaşdırır. Hal-hazırda sistem 160 mindən çox söz-forma tanıya bilir və tanıma keyfiyyəti 91%-dən yuxarıdır. Sistemin keyfiyyətinin daha da artırılaraq yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Layihənin sərgidə təqdim etdiyi daha bir yenilik - daxil edilmiş mətni insan səsi ilə oxuyan mətnin səsləndirilməsi sistemidir. Bu proqram vasitəsilə istifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa bilərlər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərlə daha az vaxt sərf etməklə və gözləri yormadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkündür. Sistem hal-hazırda http://tts.dilmanc.az saytında istifadəyə verilmişdir və istifadəçilər arasında çox populyardır.

Bu il Dilmanc layihəsi çərçivəsində həmçinin Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə onlayn lüğət istifadəyə verilmişdir. Adi lüğətlərdən fərqli olaraq, bu lüğətə sözün ixtiyari formasını daxil etmək mümkündür, bu zaman sözün kökü avtomatik tapılır. Bu imkan xüsusilə xarici dili bilməyən və sözün kökünü tapmaqda çətinlik çəkən istifadəçilər üçün əhəmiyyətlidir. Bundan başqa, lüğətdə sözün işləndiyi nümunə cümlələr və onların tərcümələrinə də baxmaq mümkündür. Lüğəti http://dict.dilmanc.az ünvanında istifadə etmək mümkündür.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az