"Dilmanc" layihəsi çərçivəsində Azərbaycan dili üçün ilk nitqin tanınması sistemi yaradılır

Nitqin tanınması sistemi dedikdə mikrofona deyilmiş nitqi kompüterdə yazıya çevirən proqram nəzərdə tutulur.
Nitqin tanınması sistemləri həmçinin gələcəkdə kompüterlərin, avtomobillərin, robotların və digər qurğuların (məsələn, məişətdə istifadə edilən qurğuların) Azərbaycan dilində daha təbii və asan yolla - nitq vasitəsilə idarə olunmasını təmin edəcək.
Ümumiyyətlə bu texnologiya bir çox sahələrdə insanların köməyinə gəlir - tibb, hərbi sənaye, robototexnika, aviasiya, telekommunikasiya, mobil telefonlar, nəqliyyatda naviqasiya sistemləri, avtomobil sənayesi, "ağıllı" evlər, əcnəbi dilin öyrənilməsi proqramları, müasir kompüter oyunları və sair.
Dilmanc nitqin tanınması sistemi Azərbaycan dili üçün ilk nitqin tanınması sistemidir. Maşın tərcüməsi sisteminin tərkib hissəsi olmaqla yanaşı, həmçinin digər proqramlara da mətni mikrofon vasitəsilə daxil etməyə imkan verəcək.
Azərbaycan dilinin morfoloji cəhətdən zəngin olması - bir söz kökünə şəkilçilər artırmaqla çoxlu sayda sözlər düzəltməyin mümkünlüyü - nitqin tanınması sistemlərinin yaradılmasında bir sıra çətinliklər yaradır. Elmi araşdırma tələb edən sahələr hələ çox olmasına baxmayaraq, problemlərin bir çoxu artıq həll edilib və bu il nitqin tanınması sisteminin ilkin versiyasının təqdimatı gözlənilir.

Layihənin direktoru Əbülfət Fətullayevin sözlərinə görə, nitqin tanınması sisteminin mövcudluğu gələcəkdə nitqin nitqə sinxron tərcüməsi sisteminin yaradılmasına imkan verəcək. Belə ki, mikrofona deyilmiş mətn avtomatik yazıya çevrilərək maşın tərcüməsi proqramına ötürüləcək. Proqram mətni tərcümə etdikdən sonra isə, mətnin səsləndirilməsi (yazılı mətnin nitqə çevrilməsi) sistemi vasitəsilə yenidən nitqə çevriləcək. Layihə çərçivəsinə Azərbaycan dilində olan mətnin kompüter vasitəsilə səsləndirilməsi sisteminin yaradılması üçün də elmi tədqiqatlara artıq başlanmışdır.
Bundan əlavə, Dilmanc maşın tərcüməsi sisteminin tərcümə keyfiyyətinin yüksəldilməsi üzərində də elmi araşdırmalar aparılmaqdadır. Ə.Fətullayev həmçinin qeyd etdi ki, bu il tərcümə sisteminin arxitekturasının yenidən qurulması və dünyada maşın tərcüməsinə mövcud yanaşmalardan eyni zamanda istifadə edən hibrid yanaşmanın yaradılması üzərində işlər aparılacaq. Bu səbəbdən sistemin bir müddət yeni versiyasının buraxılmayacağı gözlənilir.
Bütün yuxarıda sadalanan texnologiyalar (maşın tərcüməsi, nitqin tanınması, mətnin səsləndirilməsi, sinxron tərcümə və s.) xalqımızın əcnəbi dildə olan geniş informasiya mənbələrinə girişini, informasiya mübadiləsini asanlaşdıracaq və intellektual kompüter texnologiyalarının yaratdığı geniş imkanlardan Azərbaycan dilində istifadə etməsinə imkan yaradacaq.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

© dilmanc.az